Sənət tarixi sübut edir ki, böyük istedadlar boşluqda yetişmir; hər parlaq səsin arxasında sarsılmaz mənəvi sütunlar dayanır. Almaxanımın ifasındakı aristokratik duruş, səhnə əzəməti və səsinin kübar tembri onun qan yaddaşı ilə sıx bağlıdır. Bu şəcərə bir tərəfdən Anadolu – Manisa Sultan Əhməd xanədanının saray kübarlığına, digər tərəfdən Şah İsmayıl Xətainin mənəvi fəlsəfəsini və döyüş ruhunu daşıyan Qızılbaş müridlərinin irsinə bağlanır; bu kök əsrlər boyu Abşeronun Pirşağı torpağında mühafizə olunmuşdur. Ana nənə tərəfi isə Səfəvi dövlətçiliyinin mənəvi dayağı olan Qaraman tayfalarının iradəsinə və Bakının qədim qəlbi İçərişəhərin nüfuzlu “Ağşalvarlılar” zadəganlığına gedib çıxır ki, bu qan da Binəqədi kəndinin dindar, adət-ənənələrə sadiq mühitində qərar tutmuşdur.
Beləliklə, Binəqədinin və İçərişəhərin ağşalvarlı kübarlığı ilə Pirşağının qızılbaş dərvişliyi və xanədan əzəməti illər sonra bir sənətkarın doğulmasına zəmin hazırladı – xanədan mədəniyyəti ilə sufi dərvişliyinin, dövlətçilik təfəkkürü ilə ilahi eşq fəlsəfəsinin qan yaddaşında qovuşması.
Zamanın amansız repressiyalarında sınmayan ulu babalar bu nəslin daxili ləyaqət qanununu yazmışlar. İranda ali tibb təhsili alaraq vətənə qayıdan, Şura hökumətinin haqsızlığına uğrasa da öz evində xalqına diş həkimi kimi xidmətini davam etdirən can həkimi Sultan Əhməd — çətinlik qarşısında baş əyməmək xisləti ilə gələcək nəsillərə mənəvi miras qoydu. Ana tərəfdən ulu baba Kərbəlayi Əzim isə Kərbəla ziyarətinə getdiyi üçün vəzifəsindən uzaqlaşdırılsa da, ömrünü halal fəhləliklə keçirərək Binəqədinin mənəvi ağsaqqalına çevrildi; kənddə hər kəs onun sözünə inanır, mübahisələri onun müdrikliyi ilə həll edirdi.
XX əsrin ortalarında bu tarixin üzərinə ata babası Mahmud-Mikayılın taleyi əlavə olundu. Nəsibə Zeynalova ilə Teatr Texnikumunda oxuyarkən müharibənin yarımçıq qoyduğu gənclik arzuları 1939-cu il Fin müharibəsi və 1941-ci il Böyük Vətən müharibəsinin səngərlərində davam etdi: altı yaralanma, üç kontuziya və sinəsində iyirmi beş orden-medalla vətənə qayıdan qəhrəmanlıq dastanı. 1947-ci ildə o, təhsili müharibə ucbatından yarımçıq qalan Hacı Almaxanım xanımla ailə qurdu; bu ocaq cəmiyyətə altı övlad – Çeşmi, Əhməd, Afət, Möhsüm, Zita və Vüqarı bəxş edən nəhəng bir çinara çevrildi. Onların hər biri öz sahəsində (hüquq, mühəndislik, tibb, teatr, dövlət qulluğu) ləyaqətli iz qoydu; bu şanlı silsilənin elmi-bədii zirvəsini isə sonbeşik şair və professor Vüqar Əhməd təşkil etdi.
Almaxanımın ana kökləri də Azərbaycan mədəniyyətinə misilsiz xidmətlər bəxş etmiş insanlardan ibarətdir. Ana nənəsi Validə xanım insan qəlbinin incəliklərinə nüfuz edən qüdrətli yazıçı; ana babası Namus bəy isə zəhmətkeşliyi, dürüstlüyü və “namus-ləyaqət” fəlsəfəsi ilə tanınan xarakter təmsilçisi idi. Bu iki qütbün, bədii zəriflik və zəhmətkeş sarsılmazlığın qovuşduğu ocaqda gələcəyin böyük alimi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətnşünas alimi, filologiya elmləri doktoru Səbinə xanım yetişdi.
Vüqar Əhməd gənclik illərində tələsməmiş, ömrünün yetkin çağında, zahiri gözəllikdən çox daxili nur və intellektual zənginlik axtaran bir insan kimi Səbinə xanımla ailə qurmuşdu. Bu nikah kökü sultanlara və qızılbaşlara uzanan bir ocaqla elmin vəsözün qovuşması idi. Evdə yaranan qarşılıqlı hörmət, elmi mübahisələr və poetik axşamlar gələcək övladların taleyini nurlandırdı.
Ocağın ilk sevinci, bu gün bələdiyyə idarəsində məsul vəzifədə çalışan qardaş Hüseyn oldu; onun ardından dünyaya göz açan və nənəsinin müqəddəs adını daşıyan Almaxanım, evdəki elmi-poetik nurla yoğruldu. Bu ad sadəcə səs birləşməsi deyildi, ulu nənənin daşıdığı zadəganlığın, Qaraman qeyrətinin və sufi mənəviyyatının körpənin taleyinə möhürlənməsi idi.
Almaxanımın daxilindəki musiqi istedadının ilk parıltıları hələ dil açmamış yaşlarında özünü büruzə verdi: evdə eşitdiyi melodiləri, atasının şeirlərinin daxili ritmini qeyri-adi dəqiqliklə zümzümə edirdi. Valideynləri, sənətin daxili qanunauyğunluqlarını dərindən bilən insanlar kimi anladılar ki, bu, sıradan bir uşaq zümzüməsi deyil, qan yaddaşından süzülüb gələn xanəndəlik istedadıdır. Qardaşı Hüseyn onun ilk və ən sadiq dinləyicisi oldu.
Ailənin qəti qərarı ilə Almaxanım Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə gətirildi. Qəbul imtahanında müəllimlər onun səsindəki təbii boğazları, muğama xas xalları və nadir tembri görüb heyrətləndilər; qarşılarında sıradan bir şagird yox, gələcəyin sənətkarı dayanırdı. O, muğam sinfini fərqlənmə diplomu ilə başa vurdu.
Bu təməlin üzərinə Əməkdar artist Təyyar Bayramovun fərdi dərsləri gəldi, muğamın ən gizli incəlikləri, ritm və avaz keçidləri məhz bu ustad-şagird münasibətində formalaşdı. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası: burada Almaxanım sadəcə ifaçı deyil, Üzeyir bəyin elmi nəzəriyyəsini dərindən öyrənən musiqişünas-ziyalı kimi yetişdi. Anasının mətnşünaslıq zəhməti ilə öz not savadı, muğamın elmi fəlsəfəsi üzərində apardığı axtarışlar burada tam vəhdət təşkil etdi.
2014-cü ilin martında Almaxanım Türk Xalqları Beynəlxalq Musiqi Müsabiqəsində medala və xüsusi diploma layiq görüldü. Bu, gənc xanəndənin beynəlxalq arenada qazandığı ilk rəsmi zəfər idi. Elə həmin ilin iyulunda onun “Qarabağ” adlı ilk audio diski işıq üzü gördü. Albomun adı təsadüfi seçilməmişdi: Qarabağ muğamın beşiyi idi, və o illərdə hələ işğal altında olan bu torpağın ağrısı Əhmədli ocağının da yarası idi. Almaxanım bu albomda sadəcəoxumurdu, səsi ilə Qarabağın harayını dünyaya bəyan edirdi. Musiqişünaslar bu ifada təqlidi deyil, sənətə gətirilən təravətli bir gənclik nəfəsini gördülər.
2017-ci il, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən VI “Muğam” Televiziya Müsabiqəsi, üç ay boyu davam edən, milyonlarla insanı ekran qarşısına toplayan bu sınaqda Almaxanım hələ musiqi məktəbinin şagirdi olsa da, səhnədəki duruşu yaşından qat-qat böyük kamillikdən xəbər verirdi. 2017-ci il iyunun 12-də Heydər Əliyev Mərkəzində keçirilən final mərhələsində münsiflər heyətinin yekdil qərarı ilə o, müsabiqənin “Qran-Pri” zirvəsinə çatdı, musiqi tariximizin ən gənc Baş Mükafat sahiblərindən biri oldu.
Bu zəfərdən sonra Almaxanım Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin rəsmi baş solisti statusunu qazandı. Onun ifasında bütöv şəkildə ərsəyə gələn “Şahnaz”, “Mahur-Hindi” və “Bayatı-Şiraz” dəstgahları dövlət bədii şurasının qərarı ilə AzTV-nin “Qızıl Fond” arxivinə daxil edildi. Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova və Rübabə Muradova kimi korifeylərin səs sənədlərini qoruyan bu müqəddəs xəzinəyə hələ tələbəlik dövründə qəbul olunmaq musiqi tariximizdə nadir hadisə idi.
Onun beynəlxalq qastrol coğrafiyası Tacikistandan Qüdsə, oradan Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına, San-Fransisko şəhərinə qədər uzandı. Xarici mətbuatda onun səsi “Şərqin ecazkar sədası” kimi vəsf olundu; dinləyicilər sözlərin mənasını anlamasalar da, ifasındakı mənəvi saflığı və ruhani avazı göz yaşları ilə qarşılayırdılar. Doğma Bakıda isə Beynəlxalq Muğam Mərkəzində iki gün ard-arda anşlaqla keçən konsertlər, nəhayət, Heydər Əliyev Sarayındakı möhtəşəm solo konsertlə zirvəyəçatdı. Tarzən Məsim İslamovun rəhbərlik etdiyi “Bayatı-türk” ansamblının müşayiəti, aparıcı Azər Süleymanlının səsləndirdiyi Vüqar Əhmədin şeirləri ilə ata sözü və qız avazı unudulmaz bir sintez yaratdı.
Musiqişünas alimlər onun yaradıcılığını iki əsas cəhətdən dəyərləndirir: mətni duyma peşəkarlığı (Füzuli, Nəsimi, Seyid Əzim Şirvani qəzəllərinin əruz vəznini, fəlsəfi mənasını dərk etmə bacarığı) və qırtlaq texnikası, akustik səs diapazonu. Əlibaba Məmmədov, Arif Babayev və Niyaməddin Musayev kimi sənət korifeyləri onun səsini, muğamın şöbə və guşələrini oxuma məharətini xüsusi vurğulamış, muğamın gələcəyinin əmin əllərdə olduğunu bəyan etmişlər.
Bu tanınma sosial mühitdə də davam etdi: Almaxanım muğamı gənc nəslə “keçmişə aid” deyil, bu günün estetikası kimi təqdim etməyi bacardı, sosial media platformalarında paylaşdığı ifa videoları yüz minlərlə gənc tərəfindən izlənildi.
2022-ci ilin oktyabrında Almaxanım sevib-seçdiyi Murad bəylə ömür yolunu birləşdirdi. Muradın atası, mərhum polis zabiti Mətləb bəyin şərəfli irsi, anası Südabə xanımın – iki yetim oğlunu tək böyüdən fədakar ananın dastanvari zəhməti bu ocağın mənəvi bünövrəsini təşkil edir. Almaxanım bu evdə özünü doğma ata-ana ocağındakı kimi sərbəst və rahat hiss etdi; iki dürüst, fədakar nəslin birləşməsi sənətkarı boğmadı, əksinə, onu daha inamlı addımlarla irəli apardı.
İyulun 4-də bir yaşını tamamlayan əkizlər – Kamal və Camal, bu ocağın ən nurlu kulminasiyası oldu. Musiqişünaslar qeyd edir ki, analıqdan sonra Almaxanımın səsində gənclik enerjisinin yanına ruhani yumşaqlıq, dərin daxili hüzur və bəşəri sevgi çalarları əlavə olunub. Beşik başında pıçıldanan laylaların saf tezlikləri onun ifasına yeni bir qat gətirib. Bu, geriyə addım deyil, sənətkarın daxili dramaturgiyasının zənginləşməsi, kamil ustad mərhələsinə keçidi idi.
Almaxanım Əhmədlinin səsi və nəfəsi fərdi istedadın deyil, əsrlərin dərinliyindən süzülüb gələn, nəsillərin qan yaddaşında qorunan bir irsin musiqiyə çevrilmiş formasıdır. Sultanlardan qızılbaşlara, qəhrəman zabitlərdən elm və söz fədailərinə uzanan bu şanlı keçmişin ləyaqətli varisi, bu gün Azərbaycan mədəniyyətinin gənc, lakin kamil simasıdır və Kamal ilə Camalın simasında bu işıq gələcək nəsillərə də ötürüləcək.
Mövsüm Mahmudoğlu




