backend

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar regionun gələcək inkişaf dinamikasını və sülh gündəliyinin əsas istiqamətlərini müəyyən edir. İkitərəfli və çoxşaxəli diplomatiya müstəvisində atılan ardıcıl addımlar gərginliyin aradan qaldırılmasına, eləcə də regionda uzunmüddətli sabitliyin bərqərar olmasına zəmin yaradır. Beynəlxalq vasitəçiliklə reallaşan yüksəksəviyyəli görüşlər və qəbul edilən qərarlar Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır. Bu baxımdan ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sammit xüsusi əhəmiyyət daşıyır. Vaşinqton görüşündə əldə olunmuş razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülhün bərqərar olması yolunda dönüş nöqtəsi olmaqla yanaşı, regionda yaranmış yeni strateji reallıqların beynəlxalq miqyasda qətiyyətlə qəbul edilməsinin növbəti əyani nümayişidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.
Onun sözlərinə görə, Vaşinqton görüşünün siyasi çəkisini və tarixi əhəmiyyətini qiymətləndirmək üçün, ilk növbədə, ona gətirib çıxaran hərbi-siyasi proseslərə nəzər salmaq vacibdir. Yeni regional nizamın bünövrəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dayanır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Cənubi Qafqazda onilliklər boyu kök salmış status-kvonu tamamilə dəyişdi. Məlumdur ki, torpaqlarımızın uzunmüddətli işğalı dövründə vasitəçilik missiyasını üzərinə götürən beynəlxalq mexanizmlər heç bir real nəticə hasil edə bilməmişdi. Azərbaycan isə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini öz gücü, sarsılmaz siyasi iradəsi və ordusunun rəşadəti hesabına təkbaşına icra etdi. Məhz bu tarixi addım regionda tamamilə yeni geosiyasi reallıq formalaşdırdı və Vaşinqton görüşü də daxil olmaqla, sonrakı bütün diplomatik masaların əsas şərtini müəyyənləşdirdi.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin strateji mahiyyəti əldə olunmuş hərbi Zəfəri yeni qarşıdurmanın başlanğıcına deyil, regionda uzunmüddətli sülhün təməlinə çevirməkdən ibarətdir. Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması isə bu ardıcıl diplomatiyanın mühüm məntiqi yekunudur. Son dövrün nailiyyəti iki tərəf arasında birbaşa dialoqun yeganə və ən səmərəli formatı kimi təsbit edilməsidir. Hazırda davam edən ali səviyyəli təmaslar və administrasiyalararası əlaqələr göstərir ki, tərəflər prosesi heç bir kənar təsir olmadan, birbaşa müstəvidə irəliyə aparmaqda qətidirlər”, - deyə deputat əlavə edib.
K.Bayramov vurğulayıb ki, Vaşinqton görüşünün mühüm praktiki nəticələrindən biri də regional bağlantıların açılması, xüsusilə TRIPP layihəsi üzrə yaranan konkret perspektivdir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edən bu layihə, eyni zamanda, Mərkəzi Asiyadan Xəzər dənizindən və Azərbaycandan keçməklə Türkiyə və Avropaya uzanan Orta Dəhlizin strateji elementinə çevrilir. Vaşinqton formatının fərqləndirici cəhəti ondadır ki, ABŞ tərəflərin siyasi iradəsini əvəz edən vasitəçi kimi deyil, Bakı və İrəvanın razılığı ilə prosesə siyasi və iqtisadi dəstək verən tərəf kimi çıxış edir.
“Bu gün Cənubi Qafqazda bərqərar olan yeni siyasi reallığın əsas müəllifi məhz Azərbaycandır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz əvvəlcə ərazi bütövlüyünü, ardından tam suverenliyini bərpa edərək, bu tarixi Zəfəri davamlı regional sülh modelinə çevirdi. Artıq sülh gündəliyi təkcə siyasi bəyanatlarla məhdudlaşmır, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və regional təhlükəsizliyin real resursuna çevrilir. Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, tərəflər arasında yaranan fikir ayrılıqları bu gün hərbi qarşıdurma yolu ilə deyil, məhz diplomatik mexanizmlərlə həll olunur. Vaşinqton görüşünün ildönümünün əsas siyasi mənası da məhz bu transformasiyadadır”, - deyə parlamentari vurğulayıb.