backend

Elnarə Akimova: “Çolpon-Ata Bəyannaməsi Türk dünyasının strateji həmrəyliyinin yeni mərhələsini müəyyənləşdirir”

Türk Dövlətləri Təşkilatının Çolpon-Ata Zirvə görüşündə qəbul edilən Çolpon-Ata Bəyannaməsi Türk dünyasında siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlığın yeni mərhələyə keçidini əks etdirən mühüm strateji sənəd kimi qiymətləndirilir. Bəyannamənin yaratdığı yeni imkanlar, Azərbaycanın qarşıdakı prioritetləri, Türk dövlətləri arasında inteqrasiyanın perspektivləri və işğaldan azad edilmiş ərazilərin bərpasında ortaq əməkdaşlığın rolu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova qaynarxett.az-ın suallarını cavablandırıb.

Türk Dövlətləri Təşkilatının Çolpon-Ata Zirvə görüşündə qəbul edilən Çolpon-Ata Bəyannaməsi Türk dünyasında siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlığın yeni mərhələyə keçidini əks etdirən mühüm strateji sənəd kimi qiymətləndirilir.

Bəyannamənin yaratdığı yeni imkanlar, Azərbaycanın qarşıdakı prioritetləri, Türk dövlətləri arasında inteqrasiyanın perspektivləri və işğaldan azad edilmiş ərazilərin bərpasında ortaq əməkdaşlığın rolu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova qaynarxett.az-ın suallarını cavablandırıb.

Deputat bildirib ki, Çolpon-Ata Bəyannaməsi Türk Dövlətləri Təşkilatının əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə daşıyan mühüm siyasi sənəddir. Onun sözlərinə görə, əsas məsələ sənəddə əks olunan müddəaların praktik müstəviyə keçirilməsidir.

E.Akimova qeyd edib ki, Azərbaycanın prioritet istiqamətlərindən biri nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunması, Xəzər üzərindən yükdaşımaların artırılması və rəqəmsal tranzit sistemlərinin inteqrasiyasının sürətləndirilməsidir.

“Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Bu üstünlüyün Türk Dövlətləri Təşkilatının ümumi iqtisadi gücünə çevrilməsi vacibdir. Eyni zamanda enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya, müdafiə sənayesi, elm və innovasiya sahələrində ortaq layihələr genişləndirilməlidir”, – deyə deputat vurğulayıb.
Milli Məclisin deputatı təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin də müasir dövrün tələbi olduğunu bildirib. O qeyd edib ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır.
“Enerji marşrutlarının qorunması, kibertəhlükəsizlik, terrorizmlə mübarizə, transmilli cinayətkarlıq, informasiya təhlükəsizliyi və fövqəladə hallara hazırlıq da milli təhlükəsizliyin mühüm hissəsinə çevrilib. Türk dövlətləri arasında bu istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi regional sabitliyə xidmət edir”, – E.Akimova bildirib.
Deputat Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Türk dövlətlərinin rolunu da yüksək qiymətləndirib. Onun sözlərinə görə, Qırğızıstan və Özbəkistanın Qarabağda həyata keçirdiyi sosial infrastruktur layihələri türk həmrəyliyinin real nümunəsidir.
E.Akimova əlavə edib ki, növbəti mərhələdə sənaye parkları, yaşıl enerji layihələri, aqrar sektor, turizm, rəqəmsal şəhər konsepsiyaları, təhsil və səhiyyə infrastrukturu üzrə ortaq təşəbbüslərin artacağı gözlənilir.
Deputat gənclər və təhsil sahəsində əməkdaşlığın da Türk dünyasının gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, ortaq təhsil proqramları, tələbə və müəllim mübadiləsi, elmi layihələr və gənclər forumları xalqlar arasında əlaqələri daha da möhkəmləndirəcək.
E.Akimova Türk Dövlətləri Təşkilatının gələcək inkişaf perspektivlərinə toxunaraq qeyd edib ki, qurum Avropa İttifaqının modelini olduğu kimi təkrarlamasa da, özünəməxsus inteqrasiya modeli formalaşdırır.
“Yaxın illərdə vahid gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal ticarət platformalarının yaradılması, investisiya mühitinin yaxınlaşdırılması, nəqliyyat-logistika sistemlərinin inteqrasiyası və enerji əməkdaşlığının genişləndirilməsi əsas hədəflərdən olacaq”, – deyə deputat qeyd edib.
Elnarə Akimovanın sözlərinə görə, Çolpon-Ata Bəyannaməsinin əsas mesajı ondan ibarətdir ki, Türk dünyası artıq ortaq tarix və mədəniyyətə əsaslanan mənəvi birlik mərhələsindən çıxaraq, siyasi iradəsi, iqtisadi gücü və strateji baxışı ilə qlobal proseslərdə daha fəal rol oynayan güc mərkəzinə çevrilmək istiqamətində irəliləyir.