İsveçrə Azərbaycanın beşinci ən mühüm ticarət tərəfdaşıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə İsveçrə ilə ticarət dövriyyəmiz 1 milyard 773 milyon ABŞ dolları təşkil edib. Bu isə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 3,6 faizlik pay deməkdir. Bu rəqəmdə 2024-cü illə müqayisədə ciddi artım qeydə alınsa da, iqtisadi münasibətlərin potensialı mövcud göstəricilərdən daha böyükdür. Hazırkı iqtisadi əlaqələr əsasən enerji sektoruna yönəlib və gələcək mərhələdə əməkdaşlığın daha da şaxələndirilməsi gözlənilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–İsveçrə parlamentlərarası işçi qrupunun rəhbəri Rizvan Nəbiyev səsləndirib.
Onun sözlərinə görə, hər iki ölkənin rəsmi qurumlarının müəyyən etdiyi prioritetlər bir-birini tamamlayır. Azərbaycanın həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasəti, bu çərçivədə sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzurda icra olunan bərpa-quruculuq layihələri, həmçinin Orta Dəhliz üzrə artan tranzit imkanları İsveçrə şirkətləri üçün yeni investisiya imkanları yaradır. İsveçrənin isə innovasiya, yüksək texnologiyalar, maliyyə xidmətləri və sənaye sahələrində malik olduğu qabaqcıl təcrübə bu istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün əlverişli zəmin formalaşdırır.
“Uzun illərdir “Bretton Vuds” institutları çərçivəsindəki əməkdaşlığımız münasibətlərimizin xüsusi istiqamətidir. Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi qrupda üzvlüyü etimadın göstəricisidir. Bu etibarlı və uzunmüddətli tərəfdaşlıq həm də müntəzəm siyasi dialoqa, koordinasiyalı fəaliyyətə və texniki əməkdaşlığa şərait yaradır.
Bundan başqa, perspektivli istiqamətlər sırasında yüksək texnologiyalar, süni intellekt, rəqəmsal iqtisadiyyat, "fintech" (maliyyə xidmətlərinin texnologiya vasitəsilə həyata keçirilməsi), biotexnologiyalar, əczaçılıq, tibb texnologiyaları, “ağıllı kənd təsərrüfatı”, qida emalı və startap ekosistemi də xüsusi yer tutur. Məsələn, İsveçrənin innovasiya mərkəzləri və texnologiya şirkətləri ilə Azərbaycanın sənaye parkları və innovasiya infrastrukturu arasında birgə R&D (tədqiqat və inkişaf) mərkəzlərinin yaradılması, texnologiya transferi proqramlarının həyata keçirilməsi və vençur kapitalı fondlarının birgə maliyyələşdirilməsi real əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilə bilər”, - deyə deputat əlavə edib.
Bu kontekstdə maliyyə sektorunda da mühüm imkanların mövcud olduğunu deyən R.Nəbiyev xatırladıb ki, İsveçrə bankçılıq, aktivlərin idarə edilməsi və yaşıl maliyyələşdirmə sahələrində dünyanın aparıcı maliyyə mərkəzlərindən biridir. Bu baxımdan yaşıl istiqrazların emissiyası, dayanıqlı investisiya fondlarının yaradılması, müasir rəqəmsal maliyyə xidmətlərinin inkişafı sahələrində birgə layihələr Azərbaycanın maliyyə bazarının inkişafına mühüm töhfə verə bilər. Eyni zamanda, peşə təhsili və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları da mövcuddur. Belə ki, İsveçrənin dual peşə təhsili modeli, universitet-sənaye əməkdaşlığı və tətbiqi elmi-tədqiqat institutlarının təcrübəsi Azərbaycanda yüksəkixtisaslı mühəndislərin, IT mütəxəssislərinin və texniki kadrların hazırlanmasına dəstək verə bilər. Bu istiqamətdə birgə təhsil proqramlarının, innovasiya laboratoriyalarının və texnologiya inkubatorlarının yaradılması əməkdaşlığın praktiki nəticələrini gücləndirə bilər.
“Hesab edirəm ki, gələcək mərhələdə Azərbaycan–İsveçrə iqtisadi münasibətlərinin əsas inkişaf istiqaməti ənənəvi enerji əməkdaşlığından kənara çıxaraq, innovasiya, rəqəmsal transformasiya, yaşıl texnologiyalar, logistika, maliyyə xidmətləri və insan kapitalının inkişafı sahələrinə doğru genişlənəcək. Bu yanaşma yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də yüksək əlavə dəyər yaradan və uzunmüddətli xarakter daşıyan strateji iqtisadi tərəfdaşlığın formalaşmasına xidmət edəcək”, - deyə parlamentari vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
Siyasət







