backend

Bişkekdən verilən siyasi mesaj: Azərbaycanın Avrasiya məkanında artan rolu

Dünya siyasətində yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin xarici siyasət imkanlarının genişləndiyini göstərir. Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT plyus” formatında görüşündə Prezident İlham Əliyevin iştirakı da bu baxımdan mühüm siyasi hadisə kimi diqqət çəkir.

“ŞƏT plyus” formatı Azərbaycanın bu təşkilatla münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ŞƏT-in üzvü olmasa da, Prezident İlham Əliyevin belə yüksək səviyyəli platformaya dəvət olunması ölkəmizin Avrasiya məkanında artan siyasi və iqtisadi çəkisinin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bişkek görüşündə dövlət və hökumət başçılarının iştirakı ilə geniş fikir mübadiləsinin aparılması platformanın beynəlxalq əhəmiyyətini də nümayiş etdirib.

Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısı çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini xüsusi vurğuladı. Bu məqam təsadüfi deyil. Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində getdikcə daha mühüm yer tutur. Bakı ilə Bişkek arasında siyasi etimadın dərinləşməsi də həmin prosesin konkret nəticələrindəndir.

Bişkekdə səsləndirilən digər mühüm mesaj Azərbaycanın Ermənistanla münasibətlərində yeni mərhələyə keçidlə bağlı idi. Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını və Cənubi Qafqazın sülh zonasına çevrilməkdə olduğunu diqqətə çatdırdı. Eyni zamanda, Azərbaycan tərəfindən Ermənistana neft məhsullarının tədarük edilməsi, üçüncü ölkələrin yüklərinin Azərbaycan ərazisi ilə tranzitinin təmin olunması və qarşılıqlı ticarətin genişləndirilməsi istiqamətində işlərin aparıldığını bildirdi.

Bu yanaşma Azərbaycanın regiondakı rolunun yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və kommunikasiya baxımından dəyişdiyini göstərir. Sülhün möhkəmlənməsi yeni nəqliyyat əlaqələrinin, ticarət marşrutlarının və regional əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yarada bilər. Azərbaycanın coğrafi mövqeyi isə onu Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı nöqtələrindən birinə çevirir.

Bişkek görüşünün başqa bir mühüm tərəfi Azərbaycanın çoxtərəfli diplomatiyada fəallığının nümayiş etdirilməsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. Bu mövqe Azərbaycanın müxtəlif siyasi düşərgələr arasında qarşıdurmadan daha çox dialoqa və əməkdaşlığa üstünlük verən xarici siyasət kursu ilə uzlaşır.

Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər də diqqətdən kənarda qalmamalıdır. Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və digər liderlərlə təmaslar Azərbaycanın geniş diplomatik əlaqələr sistemində mühüm tərəfdaşlarla birbaşa dialoqu davam etdirdiyini göstərdi. Hindistanın Baş naziri ilə görüşdə ikitərəfli gündəlik üzrə fikir mübadiləsi aparıldığı da rəsmi şəkildə bildirilib.

Əslində, Bişkek səfərinə yalnız bir beynəlxalq tədbirdə iştirak kimi yanaşmaq doğru olmazdı. Burada Azərbaycanın dəyişən Avrasiya geosiyasi mənzərəsində öz mövqeyini daha da möhkəmləndirməsi məsələsi ön plana çıxır. ŞƏT-in Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələrini bir araya gətirən geniş əməkdaşlıq məkanı olması Azərbaycanın bu platformada fəallığını daha əhəmiyyətli edir.

Azərbaycanın məqsədi hər hansı siyasi blokun daxilində yer almaqdan daha çox, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmaq və milli maraqlarını qorumaqdan ibarət olan çoxvektorlu diplomatiyanı davam etdirməkdir. Bişkekdəki görüş də bu siyasətin növbəti nümunəsi kimi görünür.

Ən başlıcası isə Azərbaycanın beynəlxalq gündəlikdə yalnız öz milli məsələlərini gündəmə gətirən ölkə kimi deyil, regional sabitlik, nəqliyyat, iqtisadi əməkdaşlıq və sülh məsələlərinə dair mövqeyi dinlənilən dövlət kimi çıxış etməsidir. Prezident İlham Əliyevin “ŞƏT plyus” formatındakı çıxışına diqqət də məhz bu baxımdan qiymətləndirilməlidir.

Bişkek görüşünün siyasi əhəmiyyəti ondadır ki, Azərbaycan dəyişən dünya nizamında özünə yeni imkanlar açan platformalarda fəallığını artırır. Bu proses ölkəmizin Avrasiya məkanındakı mövqeyinin möhkəmlənməsi, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi və Azərbaycanın nəqliyyat-logistika imkanlarının daha səmərəli şəkildə reallaşdırılması baxımından mühüm perspektivlər yaradır.

Beləliklə, Bişkekdə “ŞƏT plyus” formatında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın artan diplomatik çəkisinin göstəricisi olmaqla yanaşı, ölkəmizin Avrasiya məkanında daha fəal və çoxşaxəli siyasət yürütmək niyyətinin də nümayişidir. Bu baxımdan Bişkek görüşü Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik platforma kimi yadda qalacaq.


Şahin İSRAFİLOV,
Quba rayon İH Başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri.

Qaynarxett.az