Düşənbədəki çıxışı ilə Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan MDB məkanında təkcə siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlığın aparıcı təşəbbüskarıdır
Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası Azərbaycan üçün diplomatik baxımdan mühüm hadisə oldu. Oktyabrın 10-da çıxış edən Prezident İlham Əliyev həm Tacikistanın uğurlarını, həm də Azərbaycanın regiondakı rolunu ön plana çəkən mesajlar verdi.
Dövlət başçısı iclasa səmimi təbriklə başladı. Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu sosial-iqtisadi nailiyyətlər münasibətilə təbrik edən İlham Əliyev Düşənbənin ildən-ilə gözəlləşməsini xüsusi vurğuladı: “Paytaxtın necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir”. Bu sözlər Azərbaycanın qardaş ölkənin tərəqqisini öz uğuru kimi dəyərləndirdiyini nümayiş etdirdi.
Azərbaycan Lideri çıxışında ikitərəfli əlaqələrə də toxundu. O bildirdi ki, Azərbaycan ilə Tacikistan arasındakı münasibətlər sadəcə əməkdaşlıqdan ibarət deyil, həm də qardaşlıq, dostluq və qarşılıqlı dəstəyə əsaslanır. Bu, gələcəkdə daha geniş inteqrasiya üçün böyük potensial vəd edir.
Ölkə rəhbəri İlham Əliyevin nitqində diqqət çəkən məqamlardan biri Laçınla bağlı idi. MDB dövlət başçılarına minnətdarlığını ifadə edən Prezident Azərbaycanın qədim Laçın şəhərinin bu il “MDB-nin mədəniyyət paytaxtı” elan olunmasının simvolik əhəmiyyət daşıdığını vurğuladı. O xatırlatdı ki, iyunda Laçında keçirilən açılış mərasimində iştirakçılar şəhərin işğaldan azad edildikdən sonra necə sürətlə bərpa olunduğunun şahidi oldular: “Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”. Bu sözlər Azərbaycanın quruculuq gücünün və milli iradəsinin beynəlxalq aləmə ünvanlanan mesajı idi.
Prezident İlham Əliyev MDB məkanında mədəniyyət və idman sahəsində əməkdaşlığın önəmini vurğulayaraq ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarını da xatırlatdı. Bu oyunlar Azərbaycanın qədim Gəncə şəhərində – dahi şair Nizami Gəncəvinin vətənində keçirildi, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərləri də yarışlara ev sahibliyi etdi. 13 ölkədən 1600-dən çox idmançının qatıldığı turnir təkcə idman yarışı deyil, həm də xalqlar arasında dostluğun və əməkdaşlığın bayramı oldu.
Düşənbədəki çıxışı ilə Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan MDB məkanında təkcə siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlığın aparıcı təşəbbüskarıdır. Onun səmimi və eyni zamanda strateji mesajları təşkilat daxilində birliyin möhkəmlənməsinə xidmət edən çağırış kimi dəyərləndirilir. Bu, Azərbaycanın regiondakı nüfuzunun artmasının, sözünün çəkisinin güclənməsinin daha bir sübutudur.
Ülviyyə Həmzəyeva
Milli Məclisin Deputatı
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
gundem / Siyasət
maraqli / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət