Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə, ölkəmizin daxili və xarici siyasətinin prioritetlərini, gələcək inkişaf hədəflərini və milli dövlətçilik fəlsəfəmizi özündə ehtiva edən tarixi bir yol xəritəsidir. Bu müsahibə bir daha sübut etdi ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi meydanda, həm də iqtisadi, sosial və infrastruktur quruculuğu sahəsində yeni bir epoxaya qədəm qoyub.
Cənab Prezidentin paytaxt Bakının nəqliyyat sistemi və ekoloji mühiti ilə bağlı açıqlamaları müasir çağırışlara tam cavab verir. Şəhərin tarixi simasını qorumaqla yanaşı, mikromobilliyin inkişafı, velosiped zolaqlarının salınması və ictimai nəqliyyatın keyfiyyətinin artırılması paytaxt sakinlərinin rahatlığı üçün atılan inqilabi addımlardır. 10 yeni metro stansiyasının yeri artıq müəyyən olunub və bu, şəhərin yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Ekoloji təmiz elektrobusların gətirilməsi "Yaşıl artım" strategiyamızın tərkib hissəsidir. Yeni yaradılan parklar və ictimai zonalar Bakını daha yaşanılan və piyada dostu bir şəhərə çevirir.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan artıq 16 ölkəyə boru kəməri qazı ixrac edən nəhəng bir enerji mərkəzinə çevrilib. Bizim enerji siyasətimiz praqmatizmə və reallığa əsaslanır. COP29-a ev sahibliyi edən bir ölkə olaraq, biz həm ənənəvi enerji mənbələrimizdən səmərəli istifadə edirik, həm də bərpaolunan enerjiyə böyük sərmayələr yatırırıq.
Müsahibənin ən mühüm mesajlarından biri milli kimliyimizin özəyi olan Azərbaycan dilinin qorunması idi. Dilimiz dövlətçiliyimizin birinci atributudur. Cənab Prezidentin xarici sözlərin dilimizə lüzumsuz daxil olması ilə bağlı narahatlığı və xaricdə yaşayan 50 milyon soydaşımızın ana dilində təhsil alması üçün onlayn məktəblərin yaradılması təşəbbüsü hər birimiz üçün bir fəaliyyət proqramıdır. Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi qorumaqdır.
İnkişafın neft-qazdan deyil, zəka və təhsildən asılı olması müasir Azərbaycanın əsas fəlsəfəsidir. Elm və Təhsil Nazirliyinin yenidən qurulması, ali təhsil müəssisələrinin müasir modelə keçidi və istedadlı gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi uzunmüddətli inkişafın təminatıdır. Biz gələcəyimizi kadr islahatları və intellektual potensial üzərində qururuq.
İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan xüsusi nümayəndəlik institutu və çevik idarəetmə modeli gələcəkdə bütün ölkə miqyasında islahatların təməli ola bilər. Cənab Prezidentin kadr məsələlərinə qarşı tələbkarlığı, şəffaflıq və ictimai nəzarət mexanizminin vacibliyini xatırlatması bütün məmurlar üçün ciddi bir xəbərdarlıqdır. Vəzifə etimad deməkdir və bu etimad xalqa xidmətlə doğruldulmalıdır.
Təhlükəsizlik və sabitlik Azərbaycanı turizm üçün ən cəlbedici məkanlardan birinə çevirib. Şahdağda keçiriləcək Dünya Çempionatı, "Sea Breeze" kimi möhtəşəm layihələr və Qarabağın cənnət təbiəti yaxın illərdə turist sayını 5-6 milyona çatdırmağa imkan verəcək.
Yekun olaraq, cənab Prezidentin bu müsahibəsi bir daha göstərdi ki, bizim üçün torpaq anlayışı artıq "yaralı torpaq" deyil, "münbit və qurulan torpaq" anlayışıdır. Biz hər an ayıq və güclü olmalıyıq ki, bir daha heç kim torpağımıza göz dikməsin. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, daha güclü Azərbaycan naminə çalışmağa davam edəcəyik.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət




