backend

Ağdərə döyüşlərinin şəhidi 34 ildən sonra dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş və 2026-cı ildə şəxsiyyəti müəyyən edilmiş şəhid Dənziyev Nail Fahil oğlu doğulduğu Lerik rayonunun Mastail kəndində dəfn olunub.

Qaynarxett.az-ın məlumatına görə, şəhidin nəşi dəfn mərasimi üçün Mastail kəndinə gətirilib. Vida mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhid yaylım atəşi ilə torpağa tapşırılıb. Daha sonra şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin anasına təqdim edilib.

Dənziyev Nail Fahil oğlu 1974-cü ildə Lerik rayonunun Mastail kəndində anadan olub. O, 1992-ci ildə hərbi xidmətə yollanaraq Birinci Qarabağ müharibəsində iştirak edib. Şəhidimiz Ağdərə rayonunun Sırxavand kəndi uğrunda gedən döyüşlərdə vuruşub. 1992-ci ilin sentyabr ayında həmin döyüşlər zamanı itkin düşüb və uzun illər taleyi barədə heç bir məlumat əldə olunmayıb.

34 ildən sonra şəxsiyyəti müəyyən edilən qəhrəman Vətən övladı doğma torpağında əbədiyyətə qovuşub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.