"Son illərdə ölkəmizdə səhiyyə sistemində həyata keçirilən islahatlar artıq yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti yalnız infrastrukturun yenilənməsi və xidmətlərin genişləndirilməsi deyil, eyni zamanda sistemin effektiv idarə olunması, xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir".
Qaynarxett.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib. O bildirib ki, regionlarda müasir xəstəxanaların tikilməsi, mövcud tibb müəssisələrinin yenidən qurulması və texniki təminatın gücləndirilməsi nəticəsində səhiyyə xidmətlərinin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib:
"Əgər əvvəlki dövrlərdə vətəndaşların böyük bir hissəsi daha keyfiyyətli xidmət üçün paytaxta üz tuturdusa, bu gün artıq bir çox əsas tibbi xidmətlər regionlarda da əlçatan olub. Lakin obyektiv yanaşma tələb edir ki, bu sahədə görülən işlərlə yanaşı mövcud çağırışlar da qeyd olunsun. Regionlarla paytaxt arasında xidmət keyfiyyəti və xüsusilə yüksək ixtisaslaşmış tibbi müdaxilələr sahəsində müəyyən fərqlər hələ də qalmaqdadır. Bu fərqlər əsasən kadr potensialının qeyri-bərabər bölgüsü, klinik qərarvermə təcrübəsinin fərqli səviyyədə olması və bəzi ixtisaslaşmış xidmətlərin mərkəzləşmiş formada təşkil olunması ilə bağlıdır".
Deputat qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi isə səhiyyə sistemində köklü dəyişikliklərə səbəb olub: "Ən mühüm nəticə ondan ibarətdir ki, vətəndaşların tibbi xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə artıb. Artıq insanlar maliyyə baryerləri ilə əvvəlki qədər üzləşmədən tibb müəssisələrinə müraciət edə bilirlər. Bu, sosial ədalət və bərabər imkanlar baxımından mühüm nailiyyətdir. Bununla belə, xidmətə müraciətlərin artması sistemə əlavə yük yaradıb və bu da keyfiyyət məsələsini daha da aktuallaşdırıb. İcbari tibbi sığorta modeli ilk növbədə maliyyələşmə mexanizmi kimi formalaşdığı üçün xidmətin keyfiyyətinin yüksəldilməsi paralel olaraq idarəetmə, kadr hazırlığı və klinik protokolların tətbiqi ilə sıx bağlıdır. Bu istiqamətdə görüləcək işlər növbəti mərhələnin əsas prioritetlərindən biri kimi çıxış edir".
Komitənin sədr müavini əlavə edib ki, hazırda həyata keçirilən struktur dəyişiklikləri, xüsusilə icbari tibbi sığorta sisteminin idarəetmə modelində yeniliklər və səhiyyə xidmətlərinin təşkilində institusional yanaşmanın təkmilləşdirilməsi bu problemlərin daha sistemli şəkildə həllinə yönəlib.
"Məqsəd maliyyə resursları ilə tibbi xidmətin təşkili arasında daha sıx və effektiv əlaqənin qurulmasıdır. Bütün bu proseslər göstərir ki, Azərbaycan səhiyyəsi artıq yeni keyfiyyət mərhələsinə keçid edir. Bu mərhələdə əsas hədəf yalnız xidmətin əlçatan olması deyil, eyni zamanda onun keyfiyyətli, təhlükəsiz və nəticəyönümlü olmasıdır".
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
Siyasət
Sosial
Sosial / Bolge
gundem / Sosial







