backend

Azərbaycanla təzyiq dili ilə danışmaq qəbulolunmazdır… – Deputat

“Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamə və yanaşmalar ciddi hüquqi yanlışlıqlarla və qərəzlə zəngindir. Biz bu münasibəti sadəcə tənqid yox, eyni zamanda selektiv və qeyri-obyektiv yanaşma kimi qiymətləndiririk. Birtərəfli məlumatlara əsaslanan bu cür qərarlar nə dialoqa, nə də qarşılıqlı etimada xidmət edir”.
Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı Avropa Parlamentinin Azərbaycana qarşı son qərəzli mövqeyinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycan müstəqil dövlət kimi öz daxili işlərini beynəlxalq hüquq çərçivəsində tənzimləmək hüququna malikdir:
“Niyə eyni həssaslıq digər regionlarda baş verən daha ciddi pozuntulara münasibətdə göstərilmir? Niyə ikili standartlar tətbiq olunur? Bu yanaşma nə ədalətlidir, nə də Avropanın öz dəyərlərinə uyğundur. Azərbaycan hər zaman konstruktiv əməkdaşlıq tərəfdarı olub. Biz Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi inkişaf sahələrində mühüm tərəfdaşıq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bu qədər artmışkən, belə bir tərəfdaşa qarşı təzyiq dili ilə danışmaq ən azı anlaşılmazdır”.

MCP başqanı vurğulayıb ki, rəsmi Bakı sağlam və əsaslandırılmış tənqiddən qaçmır, lakin bu, hörmət çərçivəsində olmalıdır:
“Təzyiq dili və siyasi sifariş təsiri bağışlayan qərarlar münasibətləri zədələyir. Azərbaycan regionda qarşıdurma yox, bərabərhüquqlu dialoq tərəfdarıdır. Avropa Parlamentini daha məsuliyyətli, ədalətli və balanslı mövqe tutmağa çağırıram. Əks halda, bu cür yanaşmalar nə münasibətlərimizi inkişaf etdirəcək, nə də regionda sabitliyə töhfə verəcək”.
Sonda deputat qeyd edib ki, dialoq yalnız qarşılıqlı hörmət əsasında qurulduqda effektiv nəticə verə bilər; təzyiq mexanizmləri isə yalnız tərəflər arasındakı uçurumu dərinləşdirir.