Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rolu olan Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti bu gün də ölkənin inkişaf yolunun əsasını təşkil edir. Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə Milli Məclisin deputatı Cavanşir Feyziyev Qaynarxett.az-a müsahibəsində Heydər Əliyevin xilaskarlıq missiyası, dövlət quruculuğu sahəsində gördüyü işlər, gənclər siyasəti, təhsil və ordu quruculuğuna verdiyi töhfələr barədə ətraflı danışıb.
Heydər Əliyevin hakimiyyətə qayıdışı
Azərbaycanın taleyində hansı dönüş nöqtəsini yaratdı?
- Müstəqilliyimizi bərpa etdikdən dərhal sonra ölkəmizdə baş verən hadisələri təsvir etmək belə çətindir. Tam haos hökm sürürdü. İqtisadiyyat hələ SSRİ rəsmən ləğv olmadan öncə tamamilə çökmüşdü, Ermənistanda yaşayan 300 mindən çox soydaşımız deportasiya olunmuşdu, torpaqlarımız da günbəgün işğal olunurdu. Ölkənin qərbində, şimalında və cənubunda hərtərəfli şəkildə xaricdən dəstəklənən separatçı hərakatlar eyni zamanda baş qaldırmışdı. Bütün bunların fonunda yenə də xaricdən dəstəklənən ayrı-ayrı siyasi qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar. Belə bir şəraitdə ölkənin gələcəyi sual altında qalmışdı. Dövlətin mövcud olub olmayacağı dilemması qarşısında vəziyyət dalana dirənmişdi. Bütün bu daxili ziddiyyətlər 1993- cü ildə vətəndaş müharibəsinə gətirib çıxardı və o zaman xalq yekdil şəkildə ayağa qalxdı və Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etdi. Heç bir çıxış yolu qalmamış o zamankı iqtidar Heydər Əliyevi hakimiyyətə dəvət edərək özləri müvəqqəti olaraq geri çəkildi. Heydər Əliyev qısa bir müddətdə ilk növbədə vətəndaş müharibəsinin qarşısını aldı, daha sonra ermənistanla atəşkəs razılaşmasının imzalanmasına və müharibənin dayandırılmasına nail oldu. Yaranmış müvəqqəti sülh şəraitindən istifadə edərək ölkədə hərtərəfli islahatlar həyata keçirməklə iqtisadiyyatı canlandırdı, peşəkar Ordu quruculuğuna başladı, transmilli şirkətləri ölkəmizə sərmayə yatırmağa cəlb etməklə sonralar “Əsrin müqaviləsi” adlanacaq neft müqavilələrinin imzalanmasına nail oldu. Demək olar ki, Azərbaycanı uçurumun dibindən çıxartdı və ölkəyə əsil müstəqillik qazandırdı. Bu çox böyük tarixi hadisələr silsiləsidir və o illərdə baş verənləri bir müsahibədə ifadə etmək çox çətindir.
Müstəqil Azərbaycanın qurulmasında Heydər Əliyevin ən mühüm xidmətləri hansılar olub?
- Müstəqil Azərbaycanın qurulması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Əvvəlki sualınıza cavabımda bunun səbəblərini qısa şəkildə izah etdim. Deyilənləri ümumiləşdirsək, qısaca belə nəticə çıxara bilərik. Əgər 1993- cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi indiki Azərbaycanın ərazisində dörd adda xırda dövlətlər yaranacaqdı. Bu çox böyük faciə olardı. Heydər Əliyev öz müdrik siyasəti ilə bu təhlükəni tam şəkildə aradan qaldırdı. Didilib parçalanmaqda olan keçmiş sovet respublikasından vahid və müstəqil Azərbaycan yaratdı.
Ulu Öndərin gənclərə verdiyi dəyər bu gün dövlət gənclər siyasətində necə davam etdirilir?
- gənclərə diqqət və qayğı Heydər Əliyev siyasətinin vacib istiqamətlərindən biri idi. 1997- ci ildə 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması barədə Sərəncam imzalamaqla Heydər Əliyev yenicə yaranmış dövlətdə gənclərin fəallığını stimallaşdırdı, cəmiyyətin diqqətini yeni respublikanın məqsəd və vəzifələrinə uyğun yeni ruhlu gəncliyin formalaşdırılmasına yönəltdi. H. Əliyevin gənclərlə bağlı konsepsiyası uzaqgörən siyasətə əsaslanırdı və sonrakı onilliklərdə cəmiyyətdə gənclərin rolunun artmasına gətirib çıxardı. Bu gün də gənclər siyasəti məhz Heydər Əliyev konsepsiyası əsasında uğurla davam etdirilir və bunun nəticəsi da göz qabağındadır. Sadəcə torpaqlarımızın işğaldan azad olunmasını xatırlamaq kifayətdir. Amma gəncliyimizin uğurları heç də bununla məhdudlaşmır. Hazırda gənclər dövlət quruculuğunda, ictimai- sosial həyatda, elm və təhsil sahəsində kifayət qədər fəaldırlar.
Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının nəticələri bu gün necə görünür?
- təhsilin inkişafı həmişə Heydər Əliyev siyasətinin prioritet istiqamətlərindən biri olub. Hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin bütün şəhər və rayonlarında həmin dövr üçün müasir məktəb binaları tikilmişdi. Azərbaycan gənclərinin İttifaqın ən qabaqcıl ali məktəblərində təhsil alması üçün mərkəzi hakimiyyət orqanları ilə müvafiq razılaşmalar əldə etmişdi. Həmin illərdə minlərlə gənc Moskvada, Leninqradda və Sovet İttifaqının digər böyük şəhərlərində yerləşən nüfuzlu ali məktəblərində təhsil aldılar. Təsadüfi deyil ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə ilk növbədə həmin mütəxəssisləri yüksək vəzifələrə təyin etdi və ən çətin illərdə onlar dövlət quruculuğu işlərində Heydər Əliyevə yaxından kömək etdilər. Bu gün bütün məktəblərdə şüara çevrilmiş “ Təhsil millətin gələcəyidir” ifadəsi də Heydər Əliyevə məxsusdur. Bu cümlə ilə o özünün təhsilə verdiyi ən yüksək dəyəri ən qısa şəkildə ifadə edib.
Ulu Öndərin ordu quruculuğu siyasətinin bugünkü güclü Azərbaycan Ordusunun formalaşmasında rolu nə olub?
- Heydər Əliyev milli ordu quruculuğuna hələ sovet dövründə başlamışdı. Ölkəyə rəhbərlik etməyə başladığı ilk illərdə , hələ 1971- ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. O illərdə milli respublikalardan, xüsusilə əhalisi müsəlman olan respublikalardan hərbi təhsil müəssisələrinə qəbul çox məhdud sayda idi. Qeyri- slavyan xalqların hərbi bilik və bacarıqlara yiyələnməsi Moskvanın apardığı milli siyasətə uyğun görülmürdü. Lakin H. Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə bu vəziyyətin köklü şəkildə dəyişdirilməsinə nail oldu.
Həmin dövrdə Azərbaycanda daha iki ali hərbi məktəb vardı, lakin onlar birbaşa İttifaq mərkəzinin tabeliyində idi. SSRİ- nin bütün respublikalarından gələn tələbələr orada təhsil aldığı halda Azərbaycandan ildə cəmi bir neçə nəfəri həmin ali məktəblərə qəbul edirdilər.
Heydər Əliyev burada da dəyişiklik edilməsinə nail ola bilmişdi. O Azərbaycanı idarə etdiyi sovet illərində Azərbaycanlə gənclər, xüsusən də onun təşəbbüsü və iradəsi ilə Bakıda açılmış C. Naxçıvanski adına hərbi məktəbin müdavimləri SSRİ- nin nüfuzlu ali hərbi məktəblərinə göndərildi və onlar ali hərbi təhsil alaraq sovet ordusunda yüksək vəzifələr tutmağa başladılar.
Heydər Əliyev hərbi təhsilə diqqəti müstəqillik dövründə daha da artırdı. Mövcud hərbi təhsil sistemi daha da zənginləşdirildi, yeni hərbi ixtisaslar üzrə təhsil proqramları yaradıldı və Azərbaycanın Milli Ordusu yüksək hazırlıqlı hərbi mütəxəssislərdən və zabitlərdən formalaşdırıldı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra cəmi 10 il ölkəyə rəhbərlik etdi. Lakin bu on ildə onun irəli sürdüyü təşəbbüslər, başlatdığı layihələr, həyata keçirdiyi köklü islahatlar ölkənin sonrakı onilliklər üçün də inkişaf trayektoriyasını müəyyən etmiş oldu. Odur ki, təkcə hərbi sahədə deyil, ümumiyyətlə həyatımızın bütün sahələrində son 30 ildə əldə edimiş bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət


