backend

Razi Nurullayev: “Balıq ehtiyatlarının qorunması gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir”

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” qanun layihəsinin birinci oxunuşu zamanı çıxış edərək sənədi dəstəklədiyini bildirib.

Deputat qeyd edib ki, qanun layihəsinin qəbul edilməsi gecikmiş olsa da, ölkədə balıq ehtiyatlarının qorunması və dayanıqlı idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, son onilliklər ərzində çaylarda, göllərdə və Xəzər dənizində qanunsuz balıq ovu nəticəsində təbii ehtiyatlara ciddi ziyan dəyib.
Razi Nurullayev bildirib ki, xırda gözlü torlardan istifadə, elektrik cərəyanı və kimyəvi maddələrlə balıq ovlanması kimi qanunsuz üsullar təkcə balıq ehtiyatlarını deyil, bütövlükdə su ekosistemini məhv edir. Onun sözlərinə görə, balıqçılıq yalnız iqtisadi fəaliyyət deyil, həm də ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması və gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir.
Deputat qanun layihəsində balıq ehtiyatlarının bərpası, elmi əsaslarla idarə olunması, akvakulturanın inkişafı, ov qaydalarının təkmilləşdirilməsi və dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı müddəaların müsbət addım olduğunu qeyd edib.
Bununla yanaşı, Razi Nurullayev qanunun effektiv icrasının vacibliyini vurğulayaraq qanunsuz balıq ovuna qarşı ciddi nəzarətin təmin edilməsini, müasir monitorinq texnologiyalarının tətbiqini, ictimai nəzarət və maarifləndirmə tədbirlərinin genişləndirilməsini təklif edib.
O, həmçinin balıq ehtiyatlarının süni artırılması proqramlarının genişləndirilməsinin, çay və göllərə buraxılan balıq körpələrinin sayının artırılmasının, su hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Deputat bildirib ki, qanunun ardıcıl və prinsipial şəkildə icrası nəticəsində Azərbaycanda balıq ehtiyatlarının bərpası, ekoloji tarazlığın qorunması və dayanıqlı balıqçılıq təsərrüfatının formalaşdırılması mümkün olacaq.