backend

Mingəçevirdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirilib

10 aprel 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı sərəncama əsasən təşkil olunub.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, partiya veteranları və fəallar iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ətraf mühitin mühafizəsi və şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə 100 ədəd müxtəlif növ ağac əkilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Bəxtiyar Mustafayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində mühüm layihələr həyata keçirilir, şəhərlərin müasir standartlara uyğun inkişafı istiqamətində ardıcıl işlər görülür. O, qeyd edib ki, ölkədə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri Azərbaycanın davamlı inkişafının bariz göstəricisidir.

Daha sonra çıxış edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, həyata keçirilən layihələr şəhərlərin daha müasir və rahat yaşayış məkanlarına çevrilməsinə xidmət edir.

Tədbirdə çıxış edən Mingəçevir Bələdiyyəsinin üzvləri Gültəkin Nəzərova və Mahnur Ömərova da şəhərsalma və memarlıq sahəsində görülən işlərin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Onlar həyata keçirilən layihələrin vətəndaşların rifahının yüksəldilməsinə xidmət etdiyini qeyd ediblər.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və tədbir başa çatıb. İştirakçılar xatirə şəkli çəkdiriblər.