Zərifə xanım Əliyevanın ömür yolu 1923-cü ilin baharında, Şərur rayonunun qədim Şahtaxtı kəndində, Azərbaycanın böyük oğlu Əziz Əliyevin ocağında bir işıq selitək başladı. Bu evdə alınan tərbiyə, ruhuna hopan vətənpərvərlik və insan sevgisi onun gələcək taleyinin müqəddəs mayasını yoğurdu. Hələ uşaq ikən Bakının intellektual mühitinə qədəm qoyan Zərifə xanım sənət və elm dolu bir ailə mühitində böyüdü. Qardaşları Tamerlan və Cəmilin, bacısı Gülarənin dünyasındakı o zərif işıq onu tibb elminin ən xeyirxah, həm də ən çətin cığırına — insanların dünyasını işıqlandıran oftalmologiyaya səslədi.
Onun təhsil illəri sadəcə bilik toplamaq deyil, bir şəxsiyyətin kamil şəkil alması prosesi idi. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə ilə bitirib, Moskvada ixtisasını təkmilləşdirərkən o, artıq anlayırdı ki, həkimlik yalnız peşə deyil, bir fədakarlıq missiyasıdır. Onun elmi fəaliyyəti rahat kabinetlərdə deyil, taleyin sınağına çəkilmiş insanların ağrısı ilə üz-üzə keçdi. O vaxtlar Azərbaycanın kəndlərində insanların gözünə qaranlıq çökdürən, ümidləri söndürən traxoma xəstəliyi tüğyan edirdi. Gənc Zərifə xanım bir mərhəmət mələyi kimi rayondan-rayona gəzir, kimsəsiz uşaqların, ehtiyacı olanların dadına çatır və təklif etdiyi "Sintomisin" müalicəsi ilə bu qara buludu xalqın yaddaşından birdəfəlik silirdi. Bu, sadəcə bir elmi uğur deyil, minlərlə insanın dünyanı yenidən görməsinə vəsilə olan bir sevgi yolu idi.
Zərifə xanım elmdə heç vaxt asan olanı seçmədi, o, nuru qaranlığın ən dərin qatlarına aparmağı özünə borc bildi. Kimya və neft sənayesində, ağır şəraitdə çalışan insanların göz sağlığını qorumaq üçün laboratoriyaları zavodların tozlu-dumanlı havasına daşıdı. Dünyada peşə oftalmologiyasının təməlini qoyarkən sübut etdi ki, elm insan xoşbəxtliyinə xidmət edəndə uca olur. Onun bu təmənnasız fədakarlığı 1981-ci ildə oftalmologiya aləminin ən yüksək zirvəsi sayılan Averbax mükafatı ilə taclandırıldı. O, bu mükafata layiq görülən ilk qadın alim kimi tarixə öz adını qızıl hərflərlə yazdırdı.
Lakin Zərifə xanımın ucalığı təkcə akademik rütbələri ilə ölçülmürdü. O, Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, onun ən fırtınalı anlarında sığındığı mənəvi limanı, zərif dayağı idi. Eyni zamanda, o, millətinə və dövlətinə xidmət edən İlham Əliyev kimi bir övlad böyüdən müqəddəs bir ana siması idi. Ulu Öndərin "Mən xoşbəxt olmuşam" kəlamı, əslində Zərifə xanımın yaratdığı o müqəddəs ailə mühitinə, onun fədakar qadın ruhuna ucaldılmış ən səmimi abidədir. O, ailənin bütün yükünü öz zərif çiyinlərində elə bir məharətlə daşıdı ki, Heydər Əliyev kimi bir nəhəng özünü tamamilə millətin xidmətinə fəda edə bildi.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımın bu müstəsna rolunu belə ifadə edirdi:“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur... Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Cənab Prezident İlham Əliyevin xatirələri isə bizi Zərifə xanımın ruhunun ən dərin qatlarına, o məğrur və nurlu vidalaşma anına aparır:
“Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır... Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”.
Cənab Prezident İlham Əliyevin xatırladığı o "səssiz məğrurluqla ərimək" ifadəsi onun bütün ömrünün kədərli, amma möhtəşəm xülasəsidir. O, yaşayarkən də, bu dünyadan köçərkən də iddialardan uzaq, səs-küysüz, lakin dərindən-dərin bir iz qoyaraq getdi. Ölümün gözünə dik baxacaq qədər ruhən zəngin olan bu İnsan, aprelin 15-i baharın ən çiçəkli çağında əbədiyyətə qovuşdu. 1985-ci ildən bəri bu tarix xalqımızın yaddaşına həm bir nisgil, həm də sonsuz bir ehtiram günü kimi həkk olunub.
Bu gün akademik Zərifə Əliyevanın adı şəfa tapmış minlərlə insanın nurlu baxışlarında, Azərbaycan elminin zirvələrində və xalqın qəlbində bir işıq heykəli kimi ucalmaqdadır. O, adından gələn o zərifliyi və ruhundakı böyüklüyü ilə nura bürünmüş bir ömrün əbədi simvoludur. Ruhu şad olsun!
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial







