backend

Azər Kərimli: “Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”

“Bu il bütün dünya azərbaycanlıları Milli Qurtuluş Gününün 33-cü ildönümünü böyük coşqu ilə qeyd edirlər. 1993-cü ilin iyun ayının 15-də xalqın təkidi ilə respublikada siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçilərək, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi. Ölkə daxili siyasi böhrandan qurtuldu. Ümummilli Liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri-məqsədyönlü addımlar sayəsində ölkəni məhvə doğru aparan dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı. Az müddət sonra Prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi xilaskarlıq missiyasını həyata keçirərək Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi və milli ideologiyanmızı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti və uzaqgörənliyi ilə qurtardı.” 

Bu fikirlər Milli Qurtuluş Gününün 33-cü ildönümünü ilə əlaqədar Milli Məclisin deputatı Azər Kərimli açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir: “Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Demək lazımdır ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Məlumdur ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızı işğaldan azad olunmuş, Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderimizin arzuları 27 ildən sonra reallaşdı, cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızı azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz bu gün yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.