backend

Azər Kərimli: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunub saxlanması və inkişafında rolu müstəsna əhəmiyyət kəsb edir”

“Məlumdur ki, Sovet hakimiyyəti illərində, xüsusən də 1960-cı ilə qədər davam edən dövrdə respublikamızda Azərbaycan dili qətiyyən hakim mövqelərə malik deyildi. Həmin illərdə müttəfiq respublikalarda ana dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi məqsədilə dövlət tərəfindən heç bir tədbir görülmürdü. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm milli dillərin inkişaf etdirilməsi ilə deyil, əksinə daha da sıxışdırılması ilə əlaqəli idi. Xüsusilə də yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin hüquqlarının alınması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və təhlükəli idi. Sovet rəhbərliyi bu mövzu ilə bağlı son dərəcə yüksək həssaslıq nümayiş etdirirdi. Yalnız, 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev bu prinsipial və həyati əhəmiyyət kəsb edən məsələdə öz mövqeyini birmənalı olaraq ortaya qoydu və güzəştə getmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirdi. SSRİ Konstitusiyası haqqında danışarkən Ümummilli Lider Heydər Əliyev öz nitqində göstərmişdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq isə ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu yanaşma da ana dilimizin həm rəsmi, həm də faktiki olaraq dövlət dili statusu alması məqsədini güdürdü.” 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Fikirlərini davam etdirən millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili statusunun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsinə nail olmaqla Ümummilli Lider Heydər Əliyev xalqın milli ruhunu yüksəltdi, özünə inamını artırdı: “7 oktyabr 1977-ci il tarixində yeni SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların da yeni Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. O cümlədən, Azərbaycan Respublikasının Konstitusiya layihəsi də hazırlanmışdı. Lakin bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Təbii ki, kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı və bu müzakirələrin nəticəsi kimi layihədə hansısa bir dəyişikliyin yer ala biləcəyini düşünmək ən azından sadəlövhlük idi. Lakin həmin tarixi məqamda Ulu Öndər Heydər Əliyev sadəcə karyerasını deyil, həmçinin həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınması üçün əlindən gələni edirdi. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir düzəliş təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu və bundan sonra ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Artıq müstəqillik illərində Ümummilli Lider Azərbaycan dilinin adını qoruyub saxlamaqla onun inkişaf etdirilməsi və qorunması işinə misilsiz töhfə vermişdir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. O cümlədən Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşan Ümummilli Lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq həmin il ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik siyasətin uğurla həyata keşirilməsinin nəticələridir. Ana dilimizi qorumaq üçün məqsədyönlü addımlar atan Ümummilli Liderin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Qeyd etmək lazımdır ki, bu gün artıq ölkəmizin bütün suveren ərazisində Azərbaycan dilinin dövlət dili statusunun bərpa olunması da sonsuz dərəcədə qürurverici bir haldır. Biz hamımız, bütün Azərbaycan xalqı bu qürur hissinə görə Şanlı Ordumuza və Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlhm Əliyevə borclu olduğumuzu heç zaman unutmamalıyıq” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.