Avqustun 2-ə keçən gecə Rusiya Ukraynanın Odessa və İzmayil portlarındakı taxıl qurğularına dron zərbələri endirdikdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putini onsuz da gərgin olan vəziyyəti eskalasiya edən hərəkətlərdən çəkinməyə çağırıb.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir ki, iki lider telefonda danışıblar: “Prezident Ərdoğan Rusiya-Ukrayna müharibəsi əsnasında gərginliyi eskalasiya edəcək addımlardan çəkinməyin zərurətini bildirib və “sülh körpüsü” adlandırdığı Qara dəniz təşəbbüsünə qayıdışın əhəmiyyətini vurğulayıb”.
Ankara bunu da bildirib ki, iki lider Putinin Türkiyəyə səfəri barədə razılığa gəlib. Bununla belə mümkün səfərin vaxtı bildirilməyib.
Türkiyə rəsmiləri bildirirlər ki, avqustun sonlarına nəzərdə tutulmuş bu səfərin detalları Ankara və Moskva arasında müzakirə olunur.
Kremlin sözçüsü Dmitri Peskov avqustun 2-də deyib ki, Moskva onun narahatlıqlarının təmin edildiyi təqdirdə “taxıl razılaşması”na dərhal qayıtmağa hazırdır.
Bundan az əvvəl ABŞ-ın BMT-dəki səfiri demişdi ki, Rusiyanın “taxıl razılaşması”na qayıtmaq istədiyini göstərən əlamətlər var.
Rəsmi Kiyev bildirib ki, Rusiyanın dron zərbələri nəticəsində Ukraynanın Dunay çayında istifadə etdiyi iki limandan biri olan İzmayildə taxıl silosu zədələnib:”Rusiyalılar Odessa vilayətindəki İzmayildə daha bir elevatoru zədələyiblər. Ukrayna taxılının dünyada milyonları yedizdirmək potensialı var”.
İzmayil NATO üzvü olan Rumıniyanın Dunay çayındakı Tulça limanının 15 kilometrliyində yerləşir.//“AzPolitika.info”