backend

Sumqayıt Təbiət Elmləri Gimnaziyasında “fond pulu” əməliyyatı — direktorun toxunulmazlığı haradan gəlir?

Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasının direktoru Nizami Əhmədovun adı illərdir valideynlərdən qanunsuz pul yığımı və məktəbdaxili təzyiqlərlə bağlı iddialarda hallanır. Redaksiyamıza daxil olan çoxsaylı məlumatlarda bildirilir ki, direktor hər tədris ili ərzində “fondpulu” adı altında valideynlərdən müxtəlif məbləğlərdə vəsait toplayır.

Rəsmi şəkildə “könüllü yardım” adlandırılan bu yığım əslində məcburi xarakter daşıyır. Valideynlərə “guya könüllü veririk” görüntüsü yaratmaq üçün əvvəlcədən hazırlanmış ərizələr imzalatdırılır. Həmin ərizələrdə valideynlər yardımın “öz təşəbbüsləri ilə” edildiyini yazırlar. Amma reallıq tam fərqlidir — pulu verməyənlər və ya az verənlər məktəbdə hədəfə çevrilir.

“Qara siyahı” praktikası

Mənbələrin sözlərinə görə, Nizami Əhmədovun rəhbərlik etdiyi gimnaziyada “qara siyahı” adlanan gizli mexanizm mövcuddur. Bu siyahıya daxil edilən şagirdlər və onların valideynləri müxtəlif yollarla təzyiqə məruz qalır.

İddialara əsasən, həmin şagirdlər istedadlı və yüksək göstəricili olsalar belə, qiymətləri qəsdən aşağı salınır, müəllimlər tərəfindən incidilirlər. Bəzi hallarda müəllimlərin kobud davranışları, psixoloji zorakılıq halları müşahidə olunur.

Bu, həm uşaqların psixoloji durumuna, həm də tədris mühitinin etik prinsiplərinə ciddi zərbə vurur.

“Ağrımaz başım” sindromu

Valideynlərin əksəriyyəti susqunluğa üstünlük verir. “Uşağım inciməsin” düşüncəsi onlara susmaq üçün səbəb verir. Nəticədə məktəbdə qorxu atmosferi formalaşıb. Hər il “fondpulu” adı altında toplanan vəsaitin miqdarı və xərclənmə istiqaməti isə heç vaxt ictimaiyyətə açıqlanmır.

Bir çox valideynlər bildirirlər ki, pulun hara getdiyi, nə üçün toplandığı barədə rəsmi məlumat yoxdur. Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, bəzi vəsaitlər guya “təmir və ehtiyaclar” üçün nəzərdə tutulsa da, faktiki olaraq bu izahatlar sübut olunmur.

Təhsil Nazirliyi niyə susur?

Ən maraqlı sual budur: niyə bu qədər şikayətə baxmayaraq, Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Sektoru məsələyə reaksiya vermir?

Mənbələr bildirir ki, Nizami Əhmədovun yaşı 70-i keçsə də, o hələ də vəzifəsində qalır. Adətən dövlət sistemində belə yaş həddi olan şəxslər təqaüdə göndərilir. Lakin görünür, bu direktor üçün “toxunulmazlıq qalxanı” mövcuddur.

İddialara görə, o, “yuxarı dairələrdə” müəyyən əlaqələrə malikdir. Məhz bu səbəbdən heç kim “gözün üstə qaşın var” demir, məktəbdəki qanunsuzluqlara göz yumulur.

Təhsil müəssisəsi yoxsa şəxsi biznes ocağı?

Məktəbin mahiyyəti bilik, mənəviyyat və ədalət üzərində qurulmalıdır. Lakin Sumqayıt Təbiət Elmləri Gimnaziyasındakı vəziyyət bunun əksini göstərir. Əgər valideynlər “pulu verməyən uşaqların sıxışdırıldığı”, “müəllimlərin göstərişlə hərəkət etdiyi”, “uşaqların qorxu içində məktəbə getdiyi” kimi hallar barədə açıq danışırlarsa, bu artıq təhsil sistemində ciddi böhranın göstəricisidir.

Təhsil Nazirliyi, Ombudsman Aparatı və digər müvafiq qurumlar bu iddiaları dərindən araşdırmalı, valideynlərə və şagirdlərə qarşı edilən təzyiqləri dayandırmalıdır.

Araşdırmalar davam edəcək

Redaksiyamız bu məsələni diqqətdə saxlayır. Gələcək yazılarda həm müəllim və valideyn açıqlamalarını, həm də rəsmi qurumların mövqeyini təqdim edəcəyik.

Təhsil sistemində baş verən belə hallar yalnız bir məktəbin problemi deyil, bütövlükdə cəmiyyətin gələcəyinə vurulan zərbədir.


Qaynarxett.az