Azərbaycan son 5 ildə erməni terrorçularından azad etdiyi Qarabağı yenidən qurur. Azad olunan ərazilərdə “Böyük Qayıdış” proqramı nəticəsində təkcə bərpa-quruculuq işləri getmir, eyni zamanda, paralel olaraq, 30 ilə yaxın öz dədə-baba yurdlarından didərgin salınan keçmiş məcburi köçkünlərimizin həmin yerlərə köçürülməsi prosesi aparılır. Hamıya bəllidir ki, bu proses çərçivəsində ilk köç Zəngilanın Ağalı kəndinə 2022-ci iyul ayında reallaşıb.
Bugünlərdə, daha konkret desək, oktyabrın 20-də ölkəmizdə Zəngilan günü idi. Bu günlə bağlı bir daha Zəngilanda görülən işlər gündəmə gəldi.
“Bildiyiniz kimi, ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı və oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu xəbər xalqımıza böyük inam, ordumuza isə daha da güc qüvvət verdi”.
“Yeni Müsavat”a açıqlamasında deputat Vüqar İskəndərov belə deyib.
“Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Zəngilanın işğaldan azad olunduğu gün Zəngilan şəhər günü kimi qeyd olunur. 90-cı illərin əvvəllərində yarıtmaz idarəçiliyin nəticəsində zəngilanlılar da yurdundan-yuvasından didərgin düşmüşdü. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışdılar. 44 günlük Vətən müharibəsi isə onların da öz ata-baba yurdlarına qayıtmasına imkan yaratdı. Zəngilanın işğaldan azad olunması çox strateji bir hədəf idi. Bu şəhərin işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Zəngilan işğaldan azad olunduqdan sonra isə burada abadlıq-quruculuq işləri aparılır. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalıda 200 evdən ibarət gözəl kənd salındı. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. "Böyük Qayıdış" layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Əlbəttə, bu proses bu gün də davam edir. Artıq Qarabağımızda qaynar həyat hökm sürür".
"Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir. Artıq 1040 ailə - 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb".
APA-nın məlumatına görə, bunu Xankəndi şəhərində Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Bildirilib ki, ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub.
Qeyd olunub ki, bölgədə təhsil, səhiyyə və sosial infrastruktur sürətlə bərpa olunur. Qarabağ Universitetinin, müasir klinikanın, məktəb və uşaq bağçalarının fəaliyyətə başlaması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir. Hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.
Elçin Yusubov çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərin inkişafında qeyri-hökumət təşkilatlarının rolu mühüm əhəmiyyət kəsb edir. QHT-lər dövlət siyasətinin həyata keçirilməsində, ictimai nəzarətin gücləndirilməsində, sosial layihələrin təşviqində və reinteqrasiya proseslərində mühüm tərəfdaş kimi çıxış edirlər.
Hazırladı: Cavanşir ABBASLI
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət