Ermənistanın Samvel Karapetyan problemi bitmək bilmir. Həbsdəki iş adamı ilə bağlı Rusiya əməlli-başlı hərəkətə keçib. Baş nazir Nikol Paşinyana təzyiq üçün hazırda Samvel Karapetyandan başqa əsas namizəd yoxdur.
Doğrudur, Moskvanın əlində sabiq prezidentlər-Robert Köçəryan və Serj Sərkisyan da var. Amma görünən odur ki, şimal qonşumuz bu isimlərdən hələ istifadəni məqbul hesab etmir.
Doğrudur, Kreml hələ də Karapetyanın azadlığına nail ola bilməyib. Amma ekspertlər hesab edirlər ki, gələn il iyun ayında keçiriləcək parlament seçkilərinə qədər Karapetyan Moskvanın istifadə edəcəyi əsas sima olaraq qalacaq. Paşinyanın "Taşir Kapital" şirkətinin sahibini ən azından gələn il iyun ayına qədər həbs müddətini uzatmaq yolu ilə məhbəsdə saxlayacağı ehtimal edilir.
“Samvel Karapetyan məsələsi artıq sırf hüquqi çərçivədən çıxaraq Ermənistanın daxili siyasi mübarizəsinin və Rusiya–Qərb qarşıdurmasının tərkib hissəsinə çevrilib. Moskva Karapetyanı Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiq aləti kimi istifadə edir”.
Bunu Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, bildirib ki, seçkilərə qədər Rusiyanın diplomatik və siyasi rıçaqları işə salınarsa, Karapetyanın azadlığa buraxılması real ssenari kimi görünür: “Lakin bu addım Paşinyanın həm daxili, həm də xarici siyasətdə mövqelərini ciddi şəkildə zəiflədə bilər”.
Karapetyanın və onun ətrafında formalaşan hərəkatın seçkilərdə qələbə şansına gəlincə, millət vəkili deyib ki, burada ehtiyatlı yanaşma vacibdir: “Ermənistan cəmiyyətində Rusiyaya bağlı siyasi fiqurlara münasibət əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Qərbyönlü elektoratın aktivliyi fonunda Karapetyanın geniş xalq dəstəyi qazanması çətin görünür. Bununla belə, onun əsas rolu Paşinyanın elektoratını parçalamaq və siyasi balansı dəyişməkdən ibarət ola bilər. Bu baxımdan, Karapetyan faktoru seçkilərin nəticəsinə dolayı təsir göstərə biləcək mühüm amildir”.
Azərbaycana Rusiyaya yaxın bir şəxsin Ermənistanda hakimiyyətə gəlməsinin sərfəli olub-olmaması məsələsinə gəlincə V.İskəndərov deyib: “Bir tərəfdən, Moskvanın təsirinin artması Ermənistanın Qərblə yaxınlaşmasını ləngidə bilər. Digər tərəfdən, Rusiya faktoru uzun illər Ermənistan–Azərbaycan münasibətlərində qeyri-müəyyənliyin və status-kvonun qorunmasına xidmət edib. Bu səbəbdən Rusiyaya tam loyal bir hakimiyyətin sülh prosesini sürətləndirməkdə maraqlı olacağı şübhə doğurur. Belə bir ssenaridə sülh prosesi daha çox Kremlin nəzarəti və vasitəçiliyi altında davam edə bilər. Bu isə Brüssel və Vaşinqton formatlarının zəifləməsi deməkdir. Azərbaycan üçün əsas prioritet Ermənistan daxilində siyasi dəyişikliklərdən asılı olmayaraq, sülh sazişinin konkret hüquqi mexanizmlərlə və beynəlxalq təminatlarla imzalanmasıdır. Hakimiyyətin kimliyi deyil, onun real siyasi iradəsi və öhdəlikləri yerinə yetirməyə hazırlığı həlledici faktor olaraq qalır”.
Cavanşir ABBASLI
Musavat.com
OXŞAR XƏBƏRLƏR
Siyasət
Sosial
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət







