backend

Deputat: Azərbaycan dövləti ötən illər ərzində şəhərsalma sahəsində böyük təcrübə qazandı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi olduqca strateji, dərin məzmun daşıyan və gələcəyə hesablanmış mühüm bir qərardır.

Bu təşəbbüs təkcə şəhər infrastrukturunun müasirləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda tariximizə, mədəniyyətimizə və milli kimliyimizə olan bağlılığın təzahürü kimi dəyərləndirilməlidir.
Bildiyimiz kimi, Azərbaycan dövləti ötən illər ərzində şəhərsalma sahəsində böyük təcrübə qazanmış və bu istiqamətdə bir sıra mühüm layihələrə imza atmışdır. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji, iqtisadi və sosial baxımdan balanslaşdırılmış urbanizasiya nümunələri artıq dünyanın diqqət mərkəzindədir.
Ən önəmlisi isə bu prosesdə keçmişə sayğı ilə yanaşılır. İşğal dövründə məhv edilmiş tarixi-memarlıq irsimizin bərpası, dini-mədəni abidələrin əvvəlki görkəminə qaytarılması dövlətimizin mədəni kimliyimizin qorunmasına verdiyi böyük önəmin göstəricisidir. Bu yanaşma Ulu Öndər Heydər Əliyevin “Tarixini bilməyən xalq gələcəyini qura bilməz” fəlsəfəsinin real təcəssümüdür.
Eyni zamanda, Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumu ölkəmizin bu sahədə qazandığı beynəlxalq nüfuzun və etimadın göstəricisidir. Bu Forum Azərbaycan üçün yalnız beynəlxalq əməkdaşlığın genişlənməsi deyil, həm də milli təcrübəmizin dünya ilə paylaşılması, yerli mütəxəssislərimizin qlobal proseslərə daha aktiv inteqrasiyası baxımından da mühüm platformadır.
Mən bu mühüm ilin ölkəmiz üçün yeni imkanlar açacağına, həm şəhərlərimizin, həm də yaşayış məkanlarımızın daha funksional, estetik və dayanıqlı olmasına töhfə verəcəyinə inanıram.

Fatma Yıldırım
Milli Məclisin deputatı