backend

Yeni era və milli inkişafın strateji manifesti - Əziz Ələkbərli

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə, Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayanan yeni bir epoxanın strateji nizamnaməsidir. Çünki müsahibədə səsləndirilən fikirlər, rəqəmlər və arqumentlər sadəcə ötən ilin statistik hesabatı deyil, bu, post-münaqişə dövründə Azərbaycanın həm daxildə, həm də qlobal arenada atacağı sarsılmaz addımların fəlsəfi və praktiki bünövrəsidir. Dövlət başçısının vurğuladığı kimi, 2025-ci il müharibənin siyasi və mənəvi baxımdan tam qələbə ilə möhürlənməsi ili kimi tarixləşdi: "Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq".

Müasir dünya nizamının sarsıldığı bir dönəmdə dövlət başçısının "beynəlxalq hüququn artıq bir rudimentə çevrilməsi" tezisi, rəsmi Bakının milli maraqlara söykənən yeni realizm dövrünə keçdiyinin qəti bəyanıdır. Klassik hüquq normalarının iflasa uğradığı, kağız üzərindəki qərarların sadəcə mürəkkəb yığınına çevrildiyi bir şəraitdə, Prezidentin dünya reallıqlarına baxışı həm sarsıdıcı dərəcədə dürüst, həm də son dərəcə realdır: "Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı – onların hamısı artıq rudimentə çevrilib. Hər şey o qədər köhnəlib ki, onlara istinad etmək, sadəcə, qeyri-ciddidir. İndi yeni reallıq mövcuddur". Bu reallıq fonunda Azərbaycanın polad iradəsi ordu quruculuğunda özünü göstərir. Ali Baş Komandan Silahlı Qüvvələrimizin son beş ildə keçdiyi möhtəşəm yolu belə xarakterizə edir: "Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük".

Müsahibədə xüsusi yer tutan Azərbaycan-ABŞ münasibətlərindəki tarixi transformasiya və onilliklər boyu dövlətimizə qarşı bir "qara bulud" kimi fırlanan 907-ci düzəlişin pərdəarxası məqamları hər bir vətəndaşda milli qürur hissi oyadır. Bayden-Blinken administrasiyasının fəaliyyətini kəskin tənqid edən dövlət başçısı, onların göstərdiyi naşükürlüyü sarsıdıcı bir məntiqlə ifadə etdi: "Bayden-Blinken administrasiyası bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı. Administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin". Bu gün isə "Tramp marşrutu" və Zəngəzur dəhlizi regional rifahın qızıl açarı kimi dünyanın diqqət mərkəzindədir. Prezidentin qətiyyəti bu məsələdə də heç bir şübhə yeri qoymur: "Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər".



Milli kimliyin qorunması məsələsi bu müsahibədə sadəcə mədəniyyət mövzusu deyil, bir dövlətçilik və təhlükəsizlik atributu səviyyəsinə qaldırıldı. Cənab Prezident Azərbaycan dilinin saflığını qorumağın həyati əhəmiyyətini milli bir fərman kimi izah etdi: "Dil o amildir ki, milləti millət edir. Bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-avaş. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək". Bu mənəvi sərhədlərin qorunması idarəetmədə tətbiq edilən polad intizamlı yeni kadr fəlsəfəsi ilə tamamlanır. Dövlət başçısı məmurlara etibar və məsuliyyət barədə xəbərdarlığını birbaşa nümunə ilə sərt şəkildə ifadə etdi: "Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək. Təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam".

Azərbaycanın iqtisadi və texnoloji hədəfləri artıq ölkəni intellektual bir intibahın astanasına gətirib. Ölkəmizin regional süni intellekt (AI) və data mərkəzinə çevrilmək arzusu rəqəmsal suverenliyimizin ən yüksək təzahürüdür: "Bizim hədəflərimizdən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir... Məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var və bu imkanı olan yeganə ölkə Azərbaycandır". Enerji siyasətində isə dövlət başçısı Qərbdəki içi boş populizmə qarşı milli praqmatizmi qoyur: "Bütöv yaşıl hərəkat qrupları mənə hücum çəkdi ki, COP29-a ev sahibi olan ölkə faydalı qazıntını necə təşviq edə bilər?! Mən söyləyirdim: Onlar nə dərəcədə xoşunuza gəlməsə belə, siz onlarsız yaşaya bilməzsiniz. İrəli! Lakin biz məsələyə realist yanaşmalıyq".

Müsahibənin ən ali və ruhları titrədən nöqtəsi "Torpaq anlayışı"na verilən o möhtəşəm cavabda gizlənmişdi. İşğal dövrünün ağrılı, yaralı torpaq həsrəti artıq quruculuq eşqi və sahiblik duyğusu ilə əvəzlənib. Ali Baş Komandanın bu barədə sözləri bütöv bir xalqın Qələbə fəlsəfəsinin ən ülvi ifadəsidir: "Vətən müharibəsi dövründə hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. İndi torpaq deyəndə, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var... Artıq o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır, çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var".
Cənab Prezident İlham Əliyev bu tarixi müsahibəsi ilə bir daha bəyan etdi ki, 21-ci əsrin Azərbaycanı həm daxildə saf milli kimliyi, həm sarsılmaz iqtisadi müstəqilliyi, həm də dünyada rəqabətə davamlı hərbi və intellektual qüdrəti ilə əyilməz bir qaladır. Bu, xalqın polad birliyinə və güclü dövlətçilik dühasına söykənən tam suverenlik doktrinasıdır. Azərbaycan artıq öz taleyinin tək hökmdarıdır!

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri