Qaynarxett.az redaksiyasına etibarlı mənbədən daxil olan məlumata görə, Tərtər rayonunun Nicat qəsəbəsində yerləşən Ağdam rayon 147 saylı köçkün ümumi orta məktəbində tədris prosesi faktiki olaraq iflic vəziyyətindədir. İddialara görə, dərslər müntəzəm keçirilmir, məktəbdə davamiyyət son dərəcə zəifdir və idarəetmədə ciddi problemlər mövcuddur.
Redaksiyamıza müraciət edən, adlarının açıqlanmasını istəməyən valideynlərin bildirdiyinə görə, xüsusilə yuxarı sinif şagirdləri repetitor yanına getdikləri üçün dərslərə davamlı gəlmirlər. Bu hal artıq sistematik xarakter alıb. Valideynlər vurğulayırlar ki, məktəb rəhbərliyi bu vəziyyətə ya göz yumur, ya da prosesə nəzarət etmək iqtidarında deyil.
Məsələ təkcə şagirdlərlə bitmir. İddia olunur ki, texniki işçilər belə işə yalnız "ehtiyac olduqda" gəlirlər, bu isə məktəbdə nizam-intizam anlayışının formal xarakter daşıdığını göstərir. Bəli hər iş məktəbin direktoru Rəna Mirzəyevanın əlindədir.
Avtoritar idarəçilik və qorxu mühiti?
Valideynlərin və bəzi müəllimlərin iddialarına əsasən, məktəbdə formalaşmış idarəçilik üslubu avtoritar xarakter daşıyır. Bildirilir ki, müəllimlər tədris keyfiyyətinə fokuslanmaq əvəzinə, direktor Rəna Mirzəyevanın əhval-ruhiyyəsinə uyğun davranmağa məcbur qalırlar.
“Əgər direktorun dediyi ilə razılaşmırsansa, ya dərs saatların azaldılır, ya da məktəbdəki mövqeyin təhlükə altına düşür”, – deyə adının çəkilməsini istəməyən valideynlərdən biri bildirir.
Bu cür yanaşma, iddia olunduğu kimi, pedaqoji mühitə mənfi təsir göstərir, müəllimlərin təşəbbüskarlığını və yaradıcı fəaliyyətini məhdudlaşdırır. Nizam-intizamın müəllim hüquqları hesabına qorunması isə təhsil keyfiyyətini sual altına alır.
Aidiyyəti qurumlar niyə susur?
Valideynlər hesab edirlər ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən ciddi araşdırma aparılmalıdır. Məktəbdə tədrisin real vəziyyəti, maliyyə yığımları ilə bağlı iddialar və idarəetmə üsulları obyektiv şəkildə yoxlanılmalıdır.
Qaynarxett.az olaraq bildiririk ki, məsələ diqqət mərkəzimizdədir. Qarşı tərəfin – məktəb rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Qarabağ Regional Təhsil İdarəsinin bu iddialara münasibəti ilə bağlı məlumatı növbəti yazımızda təqdim edəcəyik.










