backend

Deputat Fatma Yıldırım 2025-ci il üzrə fəaliyyət hesabatını açıqladı

Milli Məclisin 99 saylı Bərdə seçki dairəsindən deputatı Fatma Yıldırım 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı geniş hesabatını ictimaiyyətə təqdim edib.

Qaynarxett.az xəbər verir verir ki, hesabat paylaşımında deputatın il ərzində seçicilərlə işi, vətəndaş qəbullarının təşkili, daxil olan müraciətlərin mahiyyəti və onların icrası istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, 2025-ci il ərzində Bərdə şəhəri və rayonun kəndlərində mütəmadi olaraq vətəndaş qəbulları keçirilib, sakinlərin problemləri yerində dinlənilib və aidiyyəti qurumlara yönləndirilib.

Rəsmi məlumata görə, il ərzində təşkil olunan qəbullarda ümumilikdə 572 vətəndaş iştirak edib. Qəbullar həm fərdi, həm də kollektiv formatda baş tutub. Vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, təhsil, kommunal xidmətlər, hüquqi məsələlər və yerli idarəetmə sahələrini əhatə edib.

Hesabatda müraciətlərin ünvanlandığı dövlət qurumlarının siyahısı da açıqlanıb. Belə ki, daxil olan müraciətlərin 15-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 11-i Elm və Təhsil Nazirliyinə, 10-u Bərdə Rayon İcra Hakimiyyətinə, 7-si Nazirlər Kabinetinə, 5-i Ədliyyə Nazirliyinə, 5-i isə “Azəriqaz” İstehsalat Birliyinə göndərilib.

Qeyd olunub ki, müraciətlərin hər biri rəsmi qaydada qeydə alınıb, aidiyyəti üzrə yönləndirilib və icra vəziyyəti deputat tərəfindən nəzarətdə saxlanılıb. Bir sıra məsələlərin müsbət həllini tapdığı, bəzi müraciətlərin isə icra prosesində olduğu bildirilib.

Fatma Yıldırım hesabatında seçicilərlə birbaşa ünsiyyətin deputat fəaliyyətində mühüm rol oynadığını vurğulayıb. Deputat bildirib ki, vətəndaşların problemlərinin yerində dinlənilməsi və operativ şəkildə aidiyyəti qurumlara çatdırılması onun əsas prioritetlərindəndir.

O, qarşıdakı dövrdə də Bərdə sakinlərinin sosial rifahının yaxşılaşdırılması, mövcud problemlərin həlli və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Video link:https://youtu.be/lVh7JVQVDyg?si=AevVWpOF1RVRoFtz