Qaynarxett.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Cəbh Partiyasının başqanı, deputat Razi Nurullayevin sözlərinə görə, mediada yayılan bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Millət vəkili bildirib ki, məsələyə ehtiyatla yanaşmaq daha doğru olar:
“Ümumiyyətlə, regionda baş verən belə həssas diplomatik qərarlar adətən bir epizodla deyil, daha geniş siyasi və strateji kontekst çərçivəsində formalaşır. Məlumdur ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi uzun müddətdir ki, Cənubi Qafqazda ümumi sülh gündəliyi ilə paralel şəkildə inkişaf etdirilir. Bu kontekstdə Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin mövqeyi ondan ibarətdir ki, regionda atılan addımlar, xüsusilə sərhədlərlə bağlı qərarlar Azərbaycan-Ermənistan münasibətlərində əldə olunacaq irəliləyişlərlə uzlaşdırılmalıdır”.

“Bu amilin də ümumi qərarların formalaşmasına dolayı təsir ehtimalını istisna etmək olmaz. Bununla belə, münasibət bildirərkən məhz diplomatik və praqmatik yanaşma üstün tutulmalıdır. Azərbaycanın mövqeyi isə aydındır və dəyişməz olaraq qalır: Cənubi Qafqazda davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması əsas prioritetdir. Xarici tərəflərin də bu prosesdə daha balanslı və məsuliyyətli mövqe sərgiləməsi ümumi sabitliyə xidmət edər”.





