backend

Torpağa qayıtmasaq, bizi böyük aclıq gözləyir… – Deputat

Dünyada ərzaq qiymətlərinin artımı son illərdə artıq sırf iqtisadi hadisə olmaqdan çıxaraq geosiyasi proseslərin birbaşa nəticəsinə çevrilib. Xüsusilə Hörmüz boğazı ətrafında baş verən gərginliklər və İran-İsrail-ABŞ xəttində mümkün və ya real qarşıdurmalar bu prosesin mərkəzində dayanır. Bu strateji arteriyanın risk altında qalması neft qiymətlərini, neft isə kənd təsərrüfatının bütün zəncirini bahalaşdırır. Nəticədə ərzaq qiymətləri də qaçılmaz olaraq yüksəlir
Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev qlobal ərzaq bazarlarındakı vəziyyət və ölkəmizin bu sahədəki strateji hədəfləri barədə Sosdem.az-a danışarkən bildirib.
Tədarük zəncirləri və idxal asılılığı
Millət vəkilinin təhlilinə görə, Yaxın Şərqdəki hər hansı eskalasiya təkcə enerji deyil, həm də ciddi logistika böhranı yaradır:
“Hərbi gərginliklər dəniz yollarının təhlükəsizliyini şübhə altına alır, sığorta xərclərini artırır və daşımaları ləngidir. Bu isə idxaldan asılı olan ölkələr üçün ciddi sınaqdır. Lakin Azərbaycan vəziyyəti passiv izləmir. Dövlət səviyyəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Kənd təsərrüfatının modernləşdirilməsi, suvarma sistemlərinin yenilənməsi və aqrar istehsalın genişləndirilməsi istiqamətində konkret proqramlar icra olunur”.

“Qollarımızı çırmayıb çalışmalıyıq”: Milli məsuliyyət çağırışı
MCP başqanı vurğulayıb ki, daxili istehsalın artırılması üçün dövlət qurumları daha çevik və məsuliyyətli olmalıdır:
“Aqroparkların yaradılması və logistik mərkəzlərin qurulması gələcəkdə qlobal şoklara qarşı dayanıqlı iqtisadi model qurmağa xidmət edir. Lakin aidiyyəti qurumlar bu vəzifələri daha sürətli icra etməli, süni maneələr və bürokratik gecikmələr aradan qaldırılmalıdır. Bu, artıq təkcə iqtisadi deyil, həm də strateji məsələdir. Biz bütöv bir cəmiyyət olaraq ‘qollarımızı çırmayıb’ səylərimizi birləşdirməliyik. Çünki ərzaq təhlükəsizliyi yalnız hökumətin deyil, ümummilli məsuliyyətdir”.