Bu fikirləri Sosdem.az-a Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda iştirakı edən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Azad olunmuş ərazilərdə yaşıl enerji və pilot layihələr
Millət vəkili qeyd edib ki, Azərbaycan üçün bu platformada əsas prioritet istiqamətlər tam bəllidir:
“Bizim üçün əsas hədəf ağıllı şəhər həlləri, dayanıqlı infrastruktur və yaşıl enerji ilə bağlı pilot layihələrə xarici tərəfdaşların səmərəli şəkildə cəlb olunmasıdır. Xüsusilə azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinə bu əməkdaşlıqların yönləndirilməsi həm maliyyə, həm də qabaqcıl texnologiya baxımından ölkəmizə ciddi üstünlüklər qazandırmaq imkanına malikdir”.
Deputatın sözlərinə görə, forumun ən dəyərli nəticələrindən biri də qlobal miqyasda tətbiq edilən yeni və innovativ şəhərsalma yanaşmalarının mənimsənilməsidir:
“Müasir dövrdə şəhərlər yalnız tikinti layihələri ilə deyil, insan mərkəzli planlaşdırma, rəqəmsallaşma və ekoloji balans üzərində qurulur. Bu baxımdan Azərbaycan üçün əsas praktik qazanc, beynəlxalq təcrübəni yerli reallıqlara uyğunlaşdıraraq daha çevik, inklüziv və dayanıqlı şəhər modellərinin formalaşdırılmasıdır. Nəticə etibarilə, forumdan sonra ən uğurlu ssenari bu üç istiqamətin – tərəfdaşlıqların, investisiyaların və yeni yanaşmaların bir-birini tamamlayan şəkildə konkret layihələrə çevrilməsi olacaq”.



