backend

Fatma Yıldırım şəhid Rəşadət Piriyevin dəfnində iştirak etdi

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rəşadət Piriyevin nəşi dövlət tərəfindən aparılan ardıcıl axtarış və identifikasiya işləri nəticəsində tapılaraq 32 ildən sonra doğma Bərdə rayonuna gətirilib.

Şəhidin nəşi Bərdə rayonunun Yeni Daşkənd kəndində böyük izdiham, ehtiram və dualarla torpağa tapşırılıb. Dəfn mərasimində rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Milli Məclisin deputatı Fatma Yıldırım bununla bağlı paylaşım edərək bildirib ki, bu, sadəcə bir dəfn mərasimi deyil, dövlətin və xalqın öz şəhidinə, qəhrəman övladına göstərdiyi ali ehtiramın nümunəsidir.

Deputat qeyd edib ki, Rəşadət Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb və bu gün onun müqəddəs ruhu doğma torpağında rahatlıq tapıb.

Paylaşımda bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad olunaraq, “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhun şad olsun, qəhrəman oğul” sözləri yer alıb.