backend

Professor Vaqif Abdullayevin Azərbaycan–İsrail münasibətlərinə həsr olunan kitabı İsrail Səfirliyində yüksək qiymətləndirilib

Professor Vaqif Abdullayev İsrail Dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krausznun dəvəti ilə İsrailin Azərbaycandakı Səfirliyində olub.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı professorun müəllifi olduğu, Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” kitabı ətrafında fikir mübadiləsi aparılıb. Səfir Ronen Krausz nəşrin işıq üzü görməsini yüksək qiymətləndirərək müəllifə təşəkkürünü bildirib. O, kitabın Səfirliyin kitabxanasında xüsusi yer aldığını və diplomatlar üçün maraqlı mənbələrdən birinə çevriləcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və İsrail arasında tarixi dostluq münasibətləri, yəhudi və Azərbaycan xalqları arasındakı qədim mədəni bağlar, eləcə də iki ölkə arasında siyasi, iqtisadi, elmi və humanitar əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. Səfir, Ümummilli Lider Heydər Əliyevin iki xalq arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələri, Prezident İlham Əliyevin İsraillə əlaqələrə göstərdiyi xüsusi diqqəti vurğulayıb. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanizm diplomatiyası çərçivəsində İsrail xalqına və mədəniyyətinə göstərdiyi hörmət qeyd olunub.
Səfir Ronen Krausz ölkələr arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirərək əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, bu kimi nəşrlər xalqlar arasında qarşılıqlı etimadın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Görüş zamanı kitabın İsrail Səfirliyinin təşəbbüsü ilə ivrit və ingilis dillərinə tərcümə edilərək yenidən nəşr olunmasının, həmçinin İsraildə geniş təqdimat mərasiminin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Sonda səfir müəllifə imzası ilə təşəkkür məktubu təqdim edib. Professor Vaqif Abdullayev göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edərək bunun Azərbaycan və yəhudi xalqları arasında mövcud olan səmimi dostluq münasibətlərinə verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb.