backend

Deputat Fatma Yıldırım Avropa çempionu olan milli komandamızı təbrik edib

Milli Məclisin deputatı Fatma Yıldırım minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasını təbrik edib.

Qaynarxett.az xəbər verir ki, deputat bildirib ki, Azərbaycan minifutbolu son illərdə qazandığı uğurlarla ölkəmizin idman tarixində xüsusi yer tutub. O qeyd edib ki, 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğu və bu gün yenidən Avropanın ən güclüsü olmaq böyük zəhmətin, peşəkarlığın və güclü komanda ruhunun nəticəsidir.

Fatma Yıldırım vurğulayıb ki, final oyununda nümayiş etdirilən əzm, iradə və qələbə əzmkarlığı hər bir azərbaycanlıya böyük sevinc yaşadıb. Onun sözlərinə görə, bu uğur Azərbaycan gəncliyinin potensialının, idmançılarımızın peşəkarlığının və ölkədə idmana göstərilən diqqətin bariz nümunəsidir.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən davamlı diqqət və qayğı, yaradılan müasir idman infrastrukturu və həyata keçirilən dövlət siyasəti ölkə idmanının beynəlxalq arenada qazandığı uğurların əsas amillərindəndir.

Fatma Yıldırım başda Orxan Məmmədov olmaqla, Azərbaycan milli komandasının üzvlərini, məşqçi heyətini və bu qələbədə əməyi olan hər kəsi təbrik edib, onlara gələcək yarışlarda da yeni nailiyyətlər arzulayıb.

Deputat sonda “Qələbəniz mübarək, Azərbaycan!” sözləri ilə təbrikini yekunlaşdırıb.