backend

Vətəndaş məmur görmədən sənədini alacaq… – Deputat

“Rəqəmsal transformasiya və kibertəhlükəsizlik islahatları Azərbaycanın gələcək suverenliyinin əsasıdır; Texnologiya sektoruna tətbiq ediləcək vergi güzəştləri mühümdür, lakin dövlət xidmətlərində pərakəndəliyin tam aradan qaldırılması və insan kapitalının gücləndirilməsi hələ də həllini gözləyən fundamental prioritetlərdir”.
Bunu Sosdem.az-a Rəqəmsal İnkişaf Şurasının fəaliyyətini, ölkədə rəqəmsallaşma sahəsində qəbul edilən yeni qanunvericilik paketini və Fəaliyyət Planını şərh edən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili billdirib ki, Azərbaycanda Rəqəmsal İnkişafın, Süni İntellektin və Kibertəhlükəsizliyin Vahid Strategiya Altında Birləşdirilməsi İdarəetmənin Optimallaşdırılması Üçün Vacib Addımdır:
“Yeni Fəaliyyət Planı və hüquqi islahat paketi ölkənin texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Hazırda “mygov” istifadəçilərinin sayının qısa müddətdə 30 faiz artaraq 3,5 milyona çatması və dövlət xidmətlərində pərakəndəliyin aradan qaldırılması prosesi vətəndaş-məmur təmasını minimuma endirir. Yaradılan mərkəzləşdirilmiş dövlət məlumat hövzəsi (data lake) fərdiləşmiş və proaktiv xidmətlərin göstərilməsinə imkan verəcək. Texnologiya şirkətlərinə tətbiq ediləcək 20 illik vergi güzəştləri və yüksəkixtisaslı mütəxəssislər üçün 0 faiz gəlir vergisi Azərbaycanın rəqəmsal sektorunun ÜDM-də payının artırılması və ölkənin texnoloji mərkəzə çevrilməsi üçün ciddi təməldir”.

MCP başqanı kibertəhlükəsizlik sahəsində formalaşdırılan yeni mexanizmlərin və süni intellekt layihələrinin real sektordakı vacibliyini hökumətin diqqətinə çatdırıb:
“Rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması və vahid idarəetmə modelinin qurulması kiberhücumlar fonunda strateji əhəmiyyət kəsb edir. Yeni qanunvericilik paketi ilə beynəlxalq praktikada geniş istifadə olunan SAFE, Convertible Note və ESOP kimi investisiya alətlərinin qanuniləşdirilməsi yerli startap ekosisteminin maliyyə dayanıqlığını təmin edəcək. Süni intellekt üzrə ‘Tənzimləyici test mühiti’nin (Regulatory Sandbox) yaradılması və milli hesablama gücünün artırılması üçün qrafik prosessorların (GPU) quraşdırılması innovativ həllərin təhlükəsiz tətbiqinə yol açır. Eyni zamanda, təhsil sistemində şagird başına düşən kompüter nisbətinin 32:1-dən 6:1-ə endirilməsi, İT ixtisaslarına qəbulun 5 fərqli artımı rəqəmsal savadlılığın inkişafı üçün mütləqdir. Süni intellekt həllərindən qabaqlayıcı faktor kimi istifadə edilməsi ölkəmizin qlobal rəqabətqabiliyyətliliyini qorumaq üçün tam zamanında atılmış addımlardır”.