backend

Azərbaycan dili: xalqın milli iradəsi və dövlətçilik ənənələri

“Dil hər bir xalqın tarixini, milli yaddaşını və mənəvi irsini yaşadan ən mühüm dəyərlərdən biridir. Xalqın əsrlər boyu formalaşdırdığı mədəniyyət, ədəbiyyat, adət-ənənələr və dünyagörüşü məhz ana dili vasitəsilə qorunur və gələcək nəsillərə ötürülür. Buna görə də, dil uğrunda mübarizə əslində xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin qorunması uğrunda mübarizə deməkdir. Azərbaycan xalqının ana dilinin dövlət dili statusu qazanması da uzun illər davam edən siyasi iradənin, milli həmrəyliyin və uzaqgörən dövlətçilik düşüncəsinin nəticəsi olub”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, XX əsrin ikinci yarısında Sovet İttifaqında aparılan milli siyasət respublikalarda yerli dillərin istifadəsini tədricən məhdudlaşdırırdı. Xüsusilə 1970-ci illərdən etibarən rus dilinin ictimai-siyasi, elmi və inzibati sahələrdə üstün mövqeyi daha da güclənmişdi. Milli dillərin dövlət idarəçiliyində və rəsmi yazışmalarda istifadə imkanları daralır, onların ictimai nüfuzu zəiflədilməyə çalışılırdı. Belə bir şəraitdə ana dili məsələsini açıq şəkildə gündəmə gətirmək təkcə mədəni deyil, həm də siyasi məsuliyyət və böyük cəsarət tələb edirdi. Tarixdən məlumdur ki, sovet hakimiyyətinin ilk onilliklərində milli dəyərlərin müdafiəsi ilə çıxış edən çoxsaylı ziyalılar repressiyalara məruz qalmışdı. Bu səbəbdən uzun illər dil məsələsinə ehtiyatla yanaşılırdı. Lakin Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərən Ümummilli Lider Heydər Əliyev ana dilinin qorunmasını milli inkişaf strategiyasının ayrılmaz hissəsi hesab edirdi. O, yaxşı anlayırdı ki, dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın milli şüurunu və tarixi yaddaşını yaşadan ən mühüm amildir.
Millət vəkilinin sözlərinə görə, məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında mühüm tarixi qərar qəbul edildi. Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası təsbit olundu. Həmin dövrdə bu addım sovet məkanında milli maraqların müdafiəsi baxımından mühüm siyasi hadisə idi. Bu qərar Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirməklə yanaşı, xalqın milli özünüdərk hissəsinin güclənməsinə də ciddi təsir göstərdi.
“Ümummilli Lider bununla kifayətlənmirdi. O, müxtəlif çıxışlarında ana dilində təhsilin inkişafını, elmi fəaliyyətin genişləndirilməsini, milli ədəbiyyatın və mədəniyyətin qorunmasını dövlət siyasətinin mühüm istiqaməti kimi qiymətləndirirdi. Onun fikrincə, dil xalqın milli varlığının əsas sütunudur və onu qorumaq hər bir vətəndaşın borcudur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasında dövlət dilinin necə adlandırılması ilə bağlı geniş ictimai müzakirələr aparıldı. Müxtəlif təkliflər irəli sürülsə də, ümummilli mövqe ondan ibarət oldu ki, dövlət dili məhz “Azərbaycan dili” adlandırılmalıdır. Bu yanaşma Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı və beləliklə, Azərbaycan dili müstəqil dövlətin əsas atributlarından biri kimi konstitusion təminat aldı”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, bu qərar təkcə hüquqi norma deyildi. O, müstəqil dövlət quruculuğunun ideoloji əsaslarından biri idi. Dövlət dili ölkənin suverenliyini, milli birliyini və cəmiyyətin inteqrasiyasını təmin edən mühüm amillərdən biridir. Məhz vahid dövlət dili müxtəlif bölgələrdə yaşayan vətəndaşları ortaq milli dəyərlər ətrafında birləşdirir, dövlət idarəçiliyinin səmərəliliyini artırır və milli həmrəyliyi möhkəmləndirir.
Deputat qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dili ilə bağlı söylədiyi fikirlər bu gün də aktuallığını qoruyur. “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”, “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” kimi ifadələr milli ideologiyanın əsas prinsiplərindən birinə çevrilib. Bu fikirlər göstərir ki, ana dilinə münasibət yalnız mədəni məsələ deyil, həm də vətəndaş məsuliyyətinin və milli şüurun göstəricisidir.
“Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas rəmzlərindən biri kimi bütün sahələrdə uğurla tətbiq olunur. Dövlət idarəçiliyi, qanunvericilik, təhsil, elm, media və diplomatiya sahəsində Azərbaycan dilinin mövqeyi daha da möhkəmlənir. Bu inkişafın təməlində isə ötən əsrin mürəkkəb siyasi şəraitində milli maraqları qətiyyətlə müdafiə edən Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Tarix sübut edir ki, milli dilini qoruyan xalq öz milli kimliyini də qoruyur. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yalnız hüquqi nailiyyət deyil, xalqımızın milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqillik idealının parlaq təzahürüdür”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.