Prezident İlham Əliyevin iyulun 31-də Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və Türk dünyasında inteqrasiyanın sürətlənməsi fonunda bu səfər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının keçirdiyi görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar rəsmi Bakı ilə Bişkek arasında münasibətlərin artıq müttəfiqlik məzmunu qazandığının göstəricisidir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün biz dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq” və “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikirləri iki ölkə arasında formalaşmış yüksək etimadın siyasi ifadəsidir. Azərbaycan və Qırğızıstan bundan sonra beynəlxalq təşkilatlar çərçivəsində, regional təşəbbüslərdə, iqtisadi layihələrdə və təhlükəsizlik məsələlərində daha sıx koordinasiya şəraitində fəaliyyət göstərəcəklər.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin dərinləşməsi təsadüfi proses deyil. Ölkəmiz Xəzər dənizinin qərb sahilində yerləşməklə Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika körpüsü rolunu oynayır. Qırğızıstan isə Orta Asiyanın mühüm dövlətlərindən biri kimi bu əməkdaşlıq zəncirində xüsusi yer tutur. Hər iki ölkənin nəqliyyat, ticarət və investisiya sahəsində həyata keçirdiyi layihələr Avrasiyada yeni iqtisadi imkanların formalaşmasına xidmət edir. Bu baxımdan, Çolpon-Ata Bəyannaməsinin qəbul olunması xüsusi əhəmiyyət daşıyır. Bəyannamə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın, nəqliyyat-kommunikasiya əlaqələrinin, yaşıl enerji layihələrinin və rəqəmsal əməkdaşlığın genişləndirilməsi üçün yeni yol xəritəsi rolunu oynayır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması isə ölkəmizin regionun ayrılmaz tərəfdaşına çevrildiyini nümayiş etdirir. Dövlətimizin başçısı qeyd etmişdir: “Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək”.
Səfərin mühüm nəticələrindən biri də Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının 200 milyon ABŞ dollarına çatdırılması oldu. Fondun kapitalının artırılması iki ölkənin iqtisadi əməkdaşlığına olan inamın göstəricisi olmaqla yanaşı, yeni sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu qərar iqtisadi münasibətlərin uzunmüddətli və dayanıqlı əsaslar üzərində inkişaf etdiyinin göstəricisidir.
Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi ən böyük layihələrdən biri olan İssık-Kul gölünün sahilində inşa edilmiş “Bakı Resort & Spa” mehmanxanasının istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın uğurlu nəticəsidir. Bu layihə təkcə turizm obyekti deyil, həm də Azərbaycan sərmayəsinin etibarlılığını və ölkəmizin dost dövlətlərin inkişafına verdiyi töhfəni nümayiş etdirən nümunədir. “Bakı” adının Qırğızıstanın ən məşhur turizm bölgəsində əbədiləşdirilməsi xalqlar arasında dostluğun təntənəsi kimi xüsusi məna daşıyır.
Azərbaycan–Qırğızıstan münasibətlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri humanitar əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsidir. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin tikilməsi Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyin ən parlaq nümunələrindən biridir. Bu layihə yalnız təhsil sahəsinə töhfə deyil, həm də Türk dünyasının ortaq mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi iki xalq arasında mənəvi yaxınlığı daha da möhkəmləndirir. Bu layihələr siyasi münasibətlərin ictimai dəstəklə tamamlandığını və əməkdaşlığın möhkəm sosial təmələ söykəndiyini təsdiqləyir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətlərin yüksək səviyyəsinə verilən qarşılıqlı qiymətin ifadəsidir. Bu ali mükafatlar dövlət başçıları arasında formalaşmış etimadın, dostluğun və strateji tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət kəsb edir.
Müasir beynəlxalq münasibətlər sistemində Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regional sabitlik və iqtisadi inkişaf üçün mühüm amillərdən biridir. Azərbaycan bu istiqamətdə təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfə verir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu siyasətin ardıcıl və uğurlu nəticələrindən biridir.
Azərbaycan–Qırğızıstan münasibətləri həm iki dost ölkə arasında əməkdaşlıq nümunəsi, həm də Türk dünyasının birliyini möhkəmləndirən, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpüsü yaradan mühüm strateji modeldir. Qarşılıqlı etimada əsaslanan bu münasibətlər gələcək illərdə daha böyük iqtisadi layihələrin, geniş humanitar təşəbbüslərin və regional əməkdaşlığın həyata keçirilməsi üçün möhkəm zəmin formalaşdırır.
Nurlan Həsənov
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət








