backend

QIRQOVUL XANIMIN BAĞÇASINDAN UÇAN KƏKLİKLƏR - Satirik qələmlə...

Bəzən bir bağça təkcə uşaqların yox, quşların da yuvasına çevrilir. Söhbət təbii aləmdən yox, idarəetmə faunasından gedir. Xətai rayonunda yerləşən 249 saylı körpələr evi–uşaq bağçası uzun illərdir ki, təhsil müəssisəsindən çox ornitoloji tamaşa təsiri bağışlayır. Səhnənin baş rolunda isə – Qırqovul xanım.

Qırqovul kimdir, nə ilə qidalanır?

Qırqovul xanım özünü müasir idarəçi, bağçasını isə Avropa standartlı “model müəssisə” kimi təqdim etməyi sevir. Hətta bəzən elə təriflər yazdırır ki, oxuyanda adama elə gəlir bu bağçada uşaqlar süd yox, innovasiya içir, yatanda isə strateji planlama ilə yuxuya gedirlər.

Amma reallıq başqa mahnı oxuyur. Ucuq-sökük divarlar, köhnə avadanlıqlar, tədris göstəricilərində son sıralar… Yəni vitrin par-par, içi isə köhnə sandıq. Bu faktlar dilə gətiriləndə Qırqovul xanım ürkək kəklik kimi başını qaldıra bilmir, söz tapmır. Tapanda da artıq söz olur.

“Bilirsən kimə ilişmisən?” sindromu

Tənqid eşidən kimi idarəçi obrazı bir anda dəyişir:
“Sən bilirsən kimə ilişmisən?”
“Bacıoğlum Orda işləyir!”
“Deyərəm basdırar!”

Bu cümlələr təhsil sisteminin deyil, kənd toylarının köhnə repertuarının frazalarıdır. Dövlət müəssisəsində cavab belə olmamalıdır. Burada uşaqlara qorxu yox, təhlükəsizlik, valideynlərə hədə yox, hesabat təqdim olunmalıdır.

Kəklik dəstəsi – uça bilməyən “uçurulanlar”

Qırqovul xanım tək deyil. Onun bir də “kəklik-kəklik” dəstəsi var. İşi çətinə düşən kimi bu dəstə havalanır – əlbəttə ki, fikir və savadla yox, səs-küy və qarayaxma ilə.

Bu kəklikciklər:

  • faktı təkzib etmir, faktın üstünə fakt daşıyır,

  • problemi həll etmir, problemi böyüdür,

  • müəssisəni müdafiə etmir, onu biabır edir.

Atalar demişkən: “Qızınmadım istisinə, kor oldum tüstüsünə.”
Yəni bir tənqid var idi, indi isə tüstü bütün binanı bürüyüb.

Bağça niyə quşxanaya çevrilib?

Çünki burada:

  • idarəçilik təhsil yox, qohumluq üzərində qurulub,

  • tənqid inkişaf aləti yox, şəxsi hücum sayılır,

  • hesabat rəqəmlə yox, tanışla ölçülür.

Belə mühitdə uşaq yox, imic böyüdülür. Amma imic süni qidalananda bir gün mütləq aclıqdan ölür.

P.S:

Bu yazı bir şəxsin deyil, bir zehniyyətin tənqididir. Körpələr evi–uşaq bağçası hədə-qorxu, qohumluq diplomatiyası və “uçurdulan” kəkliklərlə idarə oluna bilməz. Orada quşlar yox, uşaqlar böyüyür.

Və uşaqlar üçün qurulan hər yalan yuva, bir gün öz sahibinin başına uçar.


Ardı var…



Qaynarxett.az