backend

Bakı-Bişkek tərəfdaşlığı Türk dünyasında inteqrasiya və inkişafa təkan verir

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlığın formalaşması uzunmüddətli siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar tələb edir. Azərbaycan ilə Qırğızıstan arasında son illərdə sürətlə inkişaf edən əlaqələr də məhz bu prinsiplər üzərində qurulub. Prezident İlham Əliyevin 31 iyul tarixində Qırğız Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar və səsləndirilən mesajlar rəsmi Bakı ilə Bişkek arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu mərhələ iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsini, siyasi dialoqun genişlənməsini və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün biz dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq” və “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikirləri səfərin siyasi mahiyyətini dolğun şəkildə ifadə edir. Azərbaycan və Qırğızıstan bundan sonra beynəlxalq təşkilatlar çərçivəsində, regional təşəbbüslərdə, iqtisadi layihələrdə və təhlükəsizlik məsələlərində daha sıx koordinasiya şəraitində fəaliyyət göstərəcəklər.
Səfər çərçivəsində imzalanan sənədlər ikitərəfli münasibətlərin geniş perspektivlərini əhatə edir. Siyasi dialoqla yanaşı, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar əməkdaşlıq sahələrində əldə olunan razılaşmalar tərəfdaşlığın sistemli xarakter aldığının göstəricisidir. Bu sənədlər münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirməklə yanaşı, gələcək birgə layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır.
İqtisadi əməkdaşlığın genişləndirilməsi səfərin əsas nəticələrindən biri kimi xüsusi diqqət çəkir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması tərəflərin iqtisadi əməkdaşlığa uzunmüddətli baxışının göstəricisidir. Fond artıq müxtəlif istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Yeni qərar isə qarşılıqlı investisiyaların həcmini artırmaqla yanaşı, sənaye istehsalının inkişafına, yeni müəssisələrin yaradılmasına və məşğulluğun genişlənməsinə əlavə imkanlar açacaqdır. Dövlətimizin başçısı qeyd etmişdir: “Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir”.
Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi iri layihələrdən biri olan İssık-Kul gölünün sahilində yerləşən “Bakı Resort & Spa” mehmanxanasının istifadəyə verilməsi də iqtisadi tərəfdaşlığın uğurlu nümunəsidir. Bu layihə Azərbaycanın dost və qardaş ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfənin ifadəsidir. Müasir standartlara cavab verən həmin kompleks gələcəkdə turizm əlaqələrinin genişlənməsinə və biznes əməkdaşlığının dərinləşməsinə mühüm stimul verəcək.
Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri onların humanitar əsaslara söykənməsidir. Qarabağın bərpası prosesində Qırğızıstanın yaxından iştirakı, Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin tikilməsi qardaşlığın və həmrəyliyin real təzahürüdür. Bu layihə yalnız təhsil müəssisəsi deyil, həm də Türk dünyasının ortaq mədəni irsinə və gələcək nəsillərin birgə inkişafına verilən dəyərin təcəssümüdür.
Mədəni-humanitar əlaqələrin genişlənməsi də münasibətlərin ayrılmaz hissəsinə çevrilib. Bakıda Çingiz Aytmatovun adını daşıyan parkın və abidənin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqların bir-birini daha yaxından tanımasına, ortaq tarix və mədəniyyətin təbliğinə xidmət edir. Belə təşəbbüslər siyasi münasibətləri möhkəmləndirməklə yanaşı, ictimai diplomatiyanın da inkişafına mühüm töhfə verir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunması iki ölkə rəhbərləri arasında yüksək etimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Bu ali təltiflər həm də dövlətlərarası münasibətlərin müstəsna səviyyəyə çatmasının təntənəsi kimi dəyərləndirilir.
Çolpon-Ata Bəyannaməsinin qəbul olunması isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən mühüm siyasi hadisədir. Bu sənəd regionlararası əlaqələrin inkişafına, Orta Dəhlizin imkanlarından daha səmərəli istifadəyə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının institusional əsaslarının möhkəmlənməsi ölkəmizin Avrasiyada etibarlı tərəfdaş kimi rolunu daha da artırır.
Azərbaycan ilə Qırğızıstan arasında formalaşan münasibətlər bu gün Türk dünyasında uğurlu əməkdaşlıq modelidir. Qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və ortaq maraqlara əsaslanan bu model gələcəkdə digər istiqamətlər üzrə də yeni təşəbbüslərin reallaşmasına geniş imkanlar yaradır. Dövlət başçılarının siyasi iradəsi sayəsində əlaqələrin dinamik inkişafı regionda sabitliyə, təhlükəsizliyə və iqtisadi rifaha mühüm töhfə verir.
Azərbaycan Türk dünyasında inteqrasiyanın gücləndirilməsini xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və regional təşəbbüslərin dəstəklənməsi Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcəkdə daha da yüksələn xətt üzrə inkişaf edəcəyini nümayiş etdirir. Bu səfər həm ikitərəfli əlaqələrdə, həm də bütövlükdə Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsində mühüm tarixi mərhələ kimi dəyərləndirilir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı