6-7 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir.
Qaynarxett.az xəbər verir ki, yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.Tədbirdə 20-yə yaxın regiondan 40-a yaxın fermer iştirak edir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxarırlar. Bu həftəsonu yarmarkasında ilk dəfə olaraq Şərqi Zəngəzur bölgəsi də təmsil olunur. “Şərqi Zəngəzur Evi” adı altında Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında yaşayan kənd təsərrüfatı və qida məhsulları istehsalçıları öz məhsullarını alıcılara təqdim edirlər. Burada əsasən tərəvəzlər, müxtəlif bitki yağları, süd və süd məhsulları, konservləşdirilmiş meyvə şirələri, mürəbbələr, turşular, ev şirniyyatları və digər məhsullar satışa çıxarılır. Təqdim olunan məhsullar tam təbii və ekoloji cəhətdən təmiz məhsullardır.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsulları analiz etdirə bilərlər.
Yarmarka iki gün ərzində, saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığında) fəaliyyət göstərir.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyuducu, selofan paket və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.





