backend

Azərbaycan- Slovakiya münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və işğaldan azad edilmiş Şuşa şəhərində Prezident İlham Əliyevlə keçirdiyi yüksək səviyyəli görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Şuşada keçirilən görüşün həm siyasi, həm iqtisadi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıması təsadüfi deyil. Azərbaycanın tarixi və mədəniyyət paytaxtı olan Şuşadan verilən mesajlar tərəflərin strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətini açıq şəkildə ortaya qoydu.

Bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 1-də qurulub. Son otuz ildən artıq dövr ərzində iki ölkə arasında qarşılıqlı hörmətə, etimada və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər formalaşıb. Bu müddət ərzində siyasi dialoq davamlı inkişaf edib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təşkilatlar çərçivəsində isə qarşılıqlı dəstək və əməkdaşlıq uğurla davam etdirilib. Prezidentlər səviyyəsində baş tutan görüş də bu münasibətlərin ardıcıl inkişafının məntiqi davamı kimi qiymətləndirilə bilər.

Şuşada mətbuata verilən bəyanatda diqqət çəkən əsas məqamlardan biri Slovakiyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakını təsdiqləməsi oldu. Bu, təkcə diplomatik dəstək ifadəsi deyil, konkret layihələrlə müşayiət olunan real əməkdaşlıq modelidir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi bunun ən uğurlu nümunələrindən biridir. Layihə müasir texnologiyaların tətbiqi, dayanıqlı yaşayış mühitinin yaradılması və kənd təsərrüfatının innovativ əsaslarla inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq onu göstərir ki, Slovakiya Azərbaycanın Böyük Qayıdış proqramına və Qarabağın yenidən qurulmasına yalnız siyasi bəyanatlarla deyil, investisiya, texnologiya və praktiki layihələrlə də töhfə verir. Bu yanaşma həm də Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini və xarici tərəfdaşların bu prosesdə iştirak etməkdə maraqlı olduqlarını nümayiş etdirir.
Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri də enerji sahəsidir. Avropada enerji təhlükəsizliyi məsələsinin strateji əhəmiyyət qazandığı bir dövrdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib. Slovakiya da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına fasiləsiz çatdırılması ölkəmizin enerji diplomatiyasının uğurlu nəticələrindən biridir. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Avropanın enerji təminatında mühüm rol oynayır. Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyası çərçivəsində Azərbaycanın əhəmiyyəti artdıqca Slovakiya ilə enerji dialoqunun da daha geniş məzmun alması tamamilə təbii və məntiqi prosesdir.
Görüş zamanı iqtisadi əməkdaşlığın yeni istiqamətləri, sənaye, innovasiya, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika və investisiya imkanlarının genişləndirilməsi də müzakirə olundu. Bu isə onu göstərir ki, tərəflər münasibətləri yalnız ənənəvi sahələrlə məhdudlaşdırmaq niyyətində deyil, müasir iqtisadi çağırışlara uyğun yeni əməkdaşlıq platformaları formalaşdırmağa çalışırlar.
Şuşada keçirilən bu görüşün mühüm siyasi mesajlarından biri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin beynəlxalq əməkdaşlıq məkanına çevrilməsidir. Bu gün Qarabağ artıq münaqişə deyil, inkişaf, investisiya və beynəlxalq tərəfdaşlıq bölgəsi kimi təqdim olunur. Xarici dövlət başçılarının Şuşaya səfərləri və burada keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın bölgədə yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbul olunduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan həm regionda, həm də Avropada etibarlı siyasi və iqtisadi tərəfdaş statusunu daha da möhkəmləndirib. Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və Şuşada keçirilən görüş də bu etimadın, qarşılıqlı maraqların və uzunmüddətli strateji əməkdaşlıq perspektivlərinin bariz ifadəsi oldu. Bu səfər Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin Avropa ilə əməkdaşlığının daha da dərinləşməsinə xidmət edən mühüm siyasi hadisə kimi tarixə düşəcək.Millət vəkili Tamam Cəfərova belə deyib.