Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident həmçinin çıxışında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub: “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəkləndiyi bildirilib. MDB dövlət başçılarının bu məsələdə yekdil mövqeyinə görə minnətdarlıq ifadə edilib. Həmçinin bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçirildiyi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildiyi vurğulanıb. Tədbirdə qonaqlar Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.

Məlahət İbrahimqızı hesab edir ki, bu gün cənab Prezident İlham Əliyevin qatılmış olduğu regional və qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın artan nüfuzundan, güclənən mövqelərindən, qalib dövlət kimi ortaya qoymuş reallığı ehtiva edir: “Qalib və güclü Azərbaycan bu gün regional və qlobal miqyasda sülhü, əməkdaşlığı təşviq edir. Ölkəmizin ortaya qoyduğu mövqe hər bir dövlətin və xalqın maraqları müstəvisində qarşılıqlı əlaqələrin inkişafına xidmət edir. Bu baxımdan da cənab Prezidentin sərgilədiyi mövqe böyük maraqla qarşılanır və təqdir edilir. Cənubi Qafqazda qalıcı sülhün təmin edilməsi və inkişafa nail olmaq üçün Azərbaycan dövləti tərəfindən mühüm addımlar atılır. Bu eyni zamanda Şərqlə Qərb arasında vacib bağlantıları özündə ehtiva edir”.