backend

İlham Əliyev Azərbaycan tarixini Qızıl hərflərlə yazan lider oldu - Vüqar İskəndərov

Milli Məclisin deputatı Vüqar İsgəndərov Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 22-ci ildönümü münasibətilə QHT.az- a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev and içərək Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına söz vermişdi və bu vədlərin hamısını ən yüksək səviyyədə yerinə yetirən bir dövlət başçısı kimi tarixə düşüb.
Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 22 il ötür və o, and içərək Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək, insanların rifahını yüksəltmək, milli maraqlarımızı qorumaq sözlərini ifadə etmişdi:
"Prezident İlham Əliyev bu vədləri ən yüksək səviyyədə təmin edən ali dövlət başçısı kimi Azərbaycan tarixini Qızıl hərflərlə yazan lider oldu. Bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib və beynəlxalq aləmdə söz sahibi kimi tanınır. Bu gün Azərbaycanın səsi dünyanın dörd bir yanından gəlir. XXI əsrdə Azərbaycan nadir dövlətlərdən biridir ki, müharibə yolu ilə beynəlxalq hüquqa əsaslanaraq həm tarixi ədaləti, həm də beynəlxalq hüquq prinsiplərini bərpa etdi, torpaqlarımızı düşmən tapdağından azad etdi və dövlət suverenliyimizi tam təmin etdi.”
Vüqar İsgəndərov vurğulayıb ki, bütün bu uğurların təməlində Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dayanır:
“Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz Zəfərə imza atdı və bu Zəfərin əsasında ölkə başçısının yeritdiyi düzgün, uğurlu siyasət dayanır. Bu gün Azərbaycan həm daxili, həm də xarici siyasətdə səhvsiz, nəticəyönümlü fəaliyyət göstərir. Azərbaycan artıq neft-qaz ölkəsi olmaqla yanaşı, alternativ enerji sahəsində də böyük irəliləyişlər əldə edib. Bu gün Azərbaycan yeni çağırışlara cavab verən, yeni dəyərləri özündə ehtiva edən tam müstəqil və suveren dövlətdir. Dərin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət bütün sahələrdə öz bəhrəsini verir.”
Sonda deputat qeyd edib ki, Prezident İlham Əliyev yalnız Azərbaycan əhalisinin deyil, bütün dünya azərbaycanlılarının liderinə çevrilib:
“Hər bir azərbaycanlının Prezidenti olacağına söz verən cənab İlham Əliyev bu missiyanı şərəflə yerinə yetirib. O, dünyada heç kimin bacarmadığı işlərin öhdəsindən layiqincə gəlmiş lider, Ali Baş Komandan kimi Azərbaycanın şərəfli tarixinə adını Qızıl hərflərlə yazdırmış oldu.”