Məqalədə qeyd olunur ki, rayon komitəsi ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərlə bağlı olub: “Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Həqiqət Şahmuradova təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Həqiqət xanımın xeyirinə olur. Təşkilatda külli-ixtiyar Həqiqət xanımın əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçiulməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işinin və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb”.
Məqalədə birmənalı olaraq vurğulanır ki, Mingəcevir şəhər TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir: “Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Həqiqət Şahmuradova “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, iki dəfə artıq qiymətə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Həqiqət Şahmuradovaya “görüm-baxım" edə bilməyənlər illərlə öz halal istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir”.
Qeyd edək ki, bütün bu məsələlərə aydınlıq gətirmək üçün Həqiqət Şahmuradova ilə əlaqə saxlamağa cəhd etdik. Dövlət tərəfindən müəyyən edilmiş telefonlara günlərlə zəng etsək də dəstəyi qaldıran olmadı. Sual olunur: Əgər dövlət tərəfindən təyin edilmiş bu telefon nömrələrinə cavab verən yoxdursa, nə üçün hər ay bu nömrələr üçün pul köçrülməlidir?
Ardı var...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az