Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) rəhbərliyin dəyişməsi ilə başlayan ümidlər, görünən odur ki, çox keçmədən puç oldu. 33 ildən sonra Səttar Mehbalıyevin taxtdan enməsi və Sahib Məmmədovun vəzifəyə gətirilməsi, həmkarlar sistemində illərdir mövcud olan korrupsiya, inhisarçılıq və şəffaflıq çatışmazlığının sona çatacağına dair geniş ictimai ümidlər yaratmışdı. Amma reallıqda dəyişən yalnız sədrlər olub. Sistem isə olduğu kimi qalıb.
Etibar Niftalıyev: “təmsilçi” yoxsa “tərəfdaş”?
Qaynarxett.az-a daxil olan vətəndaş müraciətlərində Zərdab rayon TİAHİ-nin sədri Etibar Niftalıyevin fəaliyyəti ciddi tənqid olunur. Müəllimlərin hüquqlarını qorumaq əvəzinə, məktəb direktorlarının maraqlarına xidmət edən bir şəxs kimi tanınan Etibar müəllimin, işçilərin əmək hüquqlarının pozulmasına səssiz qalması onun "həmkar" anlayışından nə qədər uzaq düşdüyünü göstərir.
Maddi yardımlar – “minnət iqtisadiyyatı”
Tənqidlər arasında ən kəskin məqamlardan biri, maddi yardımların bölüşdürülməsi ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, sosial yardımlar şəffaf meyarlar əsasında yox, şəxsi tanışlıq və “xüsusi minnətdarlıq” qarşılığında verilir. Hətta bəzən bu yardımlar üçün təşkilat üzvlərindən qeyri-rəsmi ödənişlərin tələb olunduğu da iddia edilir.
Əgər bu məlumatlar təsdiqini taparsa, ortada açıq-aşkar vəzifədən sui-istifadə, korrupsiya və istismarın olduğu görünür. Həmçinin qeyd olunur ki, komitənin daxilində olan qurumlar – Rəyasət Heyəti, Komitə Məclisi və komissiyalar – yalnız kağız üzərində fəaliyyət göstərir, qərarlar isə təkbaşına, kollegial deyil, Etibar Niftalıyev tərəfindən verilir.
Sanatoriyalar – imtiyazlıların “istirahət məkanı”
Ən çox ictimai qıcıq doğuran məsələlərdən biri də sanatoriyalara göndərilən güzəştli yollayışlardır. TİAHİ vasitəsilə hər il dövlətin ayırdığı bu imkanların da yalnız “seçilmişlərə” çatdığı bildirilir. Müraciətlərdə göstərilir ki, Etibar Niftalıyev yollayışların qiymətini süni şəkildə artıraraq, onları ehtiyacı olan təhsil işçilərinə deyil, “əlaqəli şəxslərə” verir. Belə çıxır ki, dövlətin ayırdığı güzəştli xidmətlər də faktiki olaraq kommersiyaya çevrilib.
Əgər bu iddialar doğrudursa, bu həm sosial ədalət prinsipinin pozulması, həm də dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsi deməkdir.
Təftiş komissiyası – yoxsa “ölü strukturlar”?
Məqalədə adı çəkilən digər bir vacib məsələ də təşkilatın daxilindəki yoxlama və nəzarət mexanizmlərinin, xüsusən Təftiş Komissiyasının faktiki olaraq işləməməsidir. Bu qurumun kağız üzərində mövcud olması, həm HİK büdcəsinin icrasının, həm də təşkilati qərarların düzgünlüyünün yoxlanmamasına səbəb olur. Nəticədə, nə müəllimlərin şikayətləri cavablandırılır, nə də hüquqlarının bərpası üçün hüquqi prosedurlar işə düşür.
Səssizlik və cavabsız suallar
Redaksiyamız dəfələrlə Zərdab rayon TİAHİ Komitəsinin sədri Etibar Niftalıyevlə əlaqə yaratmağa çalışsa da, heç bir rəsmi cavab ala bilməmişik. Dövlət tərəfindən ayrılmış iş telefonlarına cavab verilməməsi isə əlavə bir sualı gündəmə gətirir: Bu telefonlar niyə saxlanılır və hər ay niyə dövlət büdcəsindən bu xidmətlərə vəsait ayrılır?
Sual olunur: AHİK-də islahatlar niyə ləngiyir?
Sahib Məmmədovun rəhbərliyi dövründə ilk gözləntilərdən biri də məhz bu kimi rayon komitələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, ictimai nəzarətin tətbiqi və şəffaf hesabatlıq sisteminin qurulması idi. Ancaq görünür, dəyişən yalnız adlar olub, sistemin özündə isə ciddi dəyişiklik müşahidə edilmir.
AHİK rəhbərliyi bu məsələlərə münasibət bildirməlidir:
Zərdab rayon TİAHİ-nin fəaliyyəti ilə bağlı yoxlama aparılacaqmı?
Sanatoriya yollayışlarının verilməsi ilə bağlı iddialar araşdırılacaqmı?
Əmək qanunvericiliyinin pozulması halları barədə nə tədbirlər görülür?
Təftiş Komissiyasının formal fəaliyyətinə qarşı nə tədbir nəzərdə tutulur?
Redaksiyadan:
Məqalədə adı çəkilən şəxsin – Etibar Niftalıyevin və AHİK rəhbərliyinin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Media şəffaflığın, tərəfli yox, ədalətli və qərəzsiz informasiya yayımının tərəfdarıdır.
Ardı var…